Pezeşkianın Xankəndiyə Simvolik SƏFƏRİ: Regionda yeni dövr başlayır?
Pezeşkianın Xankəndiyə simvolik SƏFƏRİ: İran Nəyi Qəbul Edir?
“Bu səfər 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazilərini geri qaytarmasının və bütöv dövlət kimi tanınmasının dolayısı ilə qəbul edilməsi kimi başa düşülə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov bildirib.
O, bir neçə gün əvvəl Azərbaycana qarşı hədələr səsləndirən İranın yenidən yumşalmağa getməsinin və Prezident Məsud Pezeşkianın yaxın günlərdə Xankəndiyə planlanan səfərinin səbəblərini şərh edib.
Politoloq qeyd edib ki, məsələyə kənardan baxanda qəribə görünə bilər, lakin əslində çox maraqlı və mürəkkəb vəziyyət mövcuddur.
“İranın hakimiyyət sistemi bir neçə qoldan ibarətdir – mühafizəkar qanad və islahatçılar. Azərbaycana qarşı səsləndirilən təhdidlər əsasən mühafizəkar qanadın üzvləri tərəfindən irəli sürülür.
Bu təhdidlərin məqsədi aydındır: İsrail və ABŞ-dən aldıqları zərbələr nəticəsində daxildə nüfuzlarını itirən bu qrup, cəmiyyəti sakitləşdirmək və diqqəti yayındırmaq üçün xaricdə düşmən axtarır. Onlar bütün dağıntılara baxmayaraq, İsrail və ABŞ-nin guya qorxaraq geri çəkildiyini, bununla da özlərinin qalib gəldiyini iddia edirlər.
Əlavə olaraq göstərməyə çalışırlar ki, heç kimdən qorxmurlar. Bu çərçivədə də Azərbaycana qarşı təkrar-təkrar təhdidlər səsləndirirlər. Lakin vəziyyətin dərinliyinə baxdıqda aydın olur ki, İran reallıqları anlayır və Azərbaycanın regionda söz sahibi dövlət olduğunu qəbul edir.
İkincisi, İran üçün “Cənubi Azərbaycan” adlandırılan ərazilərdə baş verən proseslərə Azərbaycanın təsiri böyük ola bilər. Ona görə də əgər İran Azərbaycanla kobud danışarsa, daha çox təhdid edərsə, bu, cənubdakı vəziyyəti daha da gərginləşdirə və sabitliyi poza bilər.
Məhz buna görə Məsud Pezeşkianın Xankəndiyə səfəri simvolik məna daşıyır. İndiyədək İran belə bir addım atmayıb. Bu səfər 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazilərini geri qaytarmasının və bütöv dövlət kimi tanınmasının dolayısı ilə qəbul edilməsi kimi qiymətləndirilə bilər”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli