PKK-nın səhnədən çıxması PJAK-ı ön plana ÇƏKDİ – Regionda VƏZİYYƏT GƏRGİNLƏŞİR

media-hightechnic-468x90

“Yaxın Şərqdə fəaliyyət göstərən kürd təşkilatları geniş və mürəkkəb bir şəbəkəyə malikdirlər. Bu təşkilatlar arasında ideoloji yaxınlıqlar olduğu kimi, regional hədəflər və fəaliyyət metodları baxımından mühüm fərqliliklər də mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi PKK-nın silah buraxmasından sonra qruplaşmanın İranda fəaliyyət göstərənqolu olan PJAK-ın hücumlara başlasının səbəblərini analiz edib.

Onun sözlərinə görə, kürd hərəkatı ümumilikdə etnik haqlar və muxtariyyət uğrunda mübarizə aparsa da, bu hərəkatın daxilində fərqli yanaşmalar, siyasi ideologiyalar və xarici əlaqələr mövcuddur:

“Məsələn, PKK daha çox marksist-leninçi ideologiyaya əsaslanan və silahlı mübarizəni prioritet sayan bir xətt yürüdürsə, İraq Kürdüstanında KDP və PUK kimi təşkilatlar daha çox yerli siyasi institutlar vasitəsilə öz məqsədlərinə çatmağa çalışırlar. Suriyada isə PYD/YPG modeli həm siyasi idarəçilik, həm də hərbi müqavimət baxımından fərqli bir nümunə olaraq formalaşmışdır. Bu fərqliliklərə baxmayaraq, kürd təşkilatları arasında ideoloji və strateji əlaqələrin olduğu da danılmazdır və bu əlaqələr bəzən qarşılıqlı dəstək, bəzən isə rəqabət şəklində özünü göstərir”.

Müsahibimiz hesab edir ki, xüsusilə PKK-nın Türkiyədə silahlı mübarizəyə son qoyaraq rəsmi şəkildə silahı yerə qoyması fonunda bu təşkilatla ideoloji bağlılığı olan digər fraksiyaların fəallaşması müşahidə oluna bilər:

“Bu proses, təkcə bir taktiki yönəlmə deyil, həm də regional güc balansında yeni nizamların formalaşmasına zəmin yaradır. Türkiyə daxilində silahlı fəaliyyətin dayandırılması PKK-nın həm hərbi, həm də təşkilati resurslarını digər cəbhələrə, xüsusilə İran sərhədlərinə və Suriya bölgələrinə yönəltməsi üçün əlverişli imkan yaratmışdır. Bu şəraitdə PJAK PKK-nın ideoloji xəttini davam etdirən və İran içində kürd məsələsini gündəmdə saxlayan əsas aktorlardan biri kimi ön plana çıxır. Beləliklə, bir cəbhədə münaqişənin dayandırılması, digər cəbhədə siyasi və ya silahlı fəallığın artması ilə nəticələnə bilər və bu da kürd təşkilatlarının regional strategiyasının nə qədər çevik və çoxşaxəli olduğunu göstərir”.

A. Hüseynovun fikrincə, bu reallıq onu göstərir ki, Yaxın Şərqdə sabitlik hələ də qeyri-müəyyən və dayanıqsızdır:

“Etnik, dini və ideoloji qarşıdurmalar müxtəlif formalar alaraq davam edir və bu qarşıdurmaların arxasında yalnız daxili amillər deyil, həm də xarici təsirlər və maraqlar dayanır. İran daxilində kürd separatizmi məsələsi də bu mənzərənin bir parçasıdır və zaman-zaman təhlükəsizlik gündəminin ön sıralarına çıxır. PJAK-ın fəaliyyətləri, xüsusilə İranın qərb bölgələrindəki silahlı toqquşmalar və etirazlar Tehranın mərkəzləşdirilmiş nəzarət siyasətini çətinləşdirir. Bu vəziyyətdən faydalanmaq istəyən regional və beynəlxalq güclər, xüsusilə ABŞ, İsrail və bəzi ərəb ölkələri kürd təşkilatları ilə birbaşa və ya dolayı təmas quraraq İran daxilindəki etnik və siyasi parçalanmanı dərinləşdirməyə çalışırlar. Onlar bu prosesləri yalnız ideoloji rəğbətlə deyil, eyni zamanda İranı zəiflətmək və onun regional təsirini balanslaşdırmaq məqsədilə alət kimi istifadə edirlər”.

Analitik əmindir ki, kürd təşkilatlarının bölgələr üzrə strateji fəallığı təkcə onların daxili dinamizmi ilə deyil, həm də regional güclərin geosiyasi maraqları ilə sıx əlaqəlidir:

“Hər bir təşkilatın yerləşdiyi coğrafi məkana, dəstək aldığı xarici aktorlara və yerli sosial bazaya uyğun olaraq fərqli taktiki yanaşmalar sərgilədiyi müşahidə olunur. Bəzi hallarda bu təşkilatlar bir-biri ilə əlaqəli fəaliyyət göstərsə də, bəzi hallarda da geosiyasi maraqlar onları qarşı-qarşıya qoyur. Bu mürəkkəb münasibətlər şəbəkəsi göstərir ki, Yaxın Şərqdə kürd faktoru yalnız bir azlıq problemi deyil, eyni zamanda regionun gələcəyini formalaşdıracaq əsas geosiyasi dəyişənlərdən biridir. Məhz buna görə də bu təşkilatların fəaliyyəti təkcə təhlükəsizlik müstəvisində deyil, həm də diplomatik, siyasi və sosial sferalarda ciddi təsir doğurmağa davam edir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600