“Türkiyə super güc olma yolunda Çin dövlətini nümunə götürməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyənin super gücə çevrilmə perspektivlərini dəyərləndirən politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, PKK-nın silahı yerə qoyması və razılaşmaya hazır olduğunu bildirməsi Türkiyənin çox böyük uğurudur:
“Bu uğurla heç nə müqayisə oluna bilməz. Hətta Suriyadakı qələbə də PKK-nın silahı yerə qoyması ilə müqayisədə daha kiçikdir. Çünki PKK faktoru uzun illərdir ki, Türkiyə üçün böyük faciələr gətirib. Eyni zamanda, onu daim gərginlikdə saxlayıb. ABŞ İraq ərazisində, demək olar ki, müstəqil kürd dövlətini yaratdı. Bunu Suriyada da edib, sonradan Türkiyədəki kürdlərlə birlikdə Böyük Kürdüstan Dövləti yaratmaq istəyirdi. Lakin Suriyadakı qələbədən sonra Türkiyə daha böyük uğura imza atdı və PKK terroruna son qoymağa çox yaxınlaşdı”.
Analitik əmindir ki, dünyanın güc mərkəzlərinin əvvəlki düşüncələrindən imtina etməsi yanlış fikirdir:
“ABŞ-nin Suriyada kürdlərə verdiyi dəstək məlumdur. Bundan sonra da, çox güman ki, verəcəklər. Eyni zamanda, Rusiya da onlarla əlaqəni heç vaxt kəsməyib. Rəsmi nümayəndələri Moskvada daim ən yüksək səviyyədə qəbul olunub. Bu səbəbdən Türkiyə arxayınlaşmamalıdır. Super gücə çevrilmək üçün ilk növbədə Türkiyə iqtisadiyyatını qaldırmaq lazımdır. Çox təəssüf ki, 2013-cü ildən sonra çox ciddi səhvlərə yol verildi. Əgər 2013-cü ildəki bir trilyonluq Ümumi Daxili Məhsul göstəricisi inkişaf etdirilsə idi, indi Türkiyənin ÜDM-i, ola bilsin ki, hətta iki trilyonu da keçə bilərdi. Ancaq buraxılan səhvlər iqtisadi tənəzzülə səbəb oldu. Türkiyə iqtisadiyyatı bu tənəzzülü yalnız 2023-cü ildə dayandıra bildi. Buraxılan səhvlərdən nəticə çıxarmaq lazımdır”.
A. Səmədova görə, Türkiyə super güc olma yolunda Çin dövlətini nümunə götürməlidir:
“Çin siyasətinə nəzərə yetirsək, heç vaxt gurultulu bəyanatlar vermir, kimlərisə qıcıqlandırmağa çalışmır, kiməsə meydan oxumur. Bu xətlə qısa müddətdə öz iqtisadiyyatını dünyanın ikinci iqtisadiyyatına çevirə bildi. Qısqanclıq, qorxu Türkiyənin düşmənlərini fəallaşdırır. Bu amil mütləq nəzərə alınmalıdır. Türkiyə müəyyən addımlar atarkən düşmənlərini fəallaşdırmamalıdır. Çünki onun inkişafı dünyada çoxlarını narahat edir. İqtisadi inkişafın kökündə təvazökar, ehtiyatlı davranışlar dayanır. Biz çox istərdik ki, Türkiyə həqiqətən də dünyanın super gücünə çevrilsin. Bunun üçün məqsədyönlü şəkildə fəaliyyət göstərmək lazımdır. Bu isə onilliklər tələb edə bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az