“Prezident İlham Əliyevin rəsmi mesajı Avropa Şurasının qərəzli institutlarına layiqli cavabdır” – Tural Gəncəliyev
“Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan haqqında qərəzli qərarlarını və Azərbaycanın bundan sonra qurumla bağlı atacağı addımları sadalayıb. Deputat hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən AŞPA və onların dəstəkçilərinə layiqli cavab verilib:
“Cənab Prezidentin AŞPA ilə bağlı səsləndirdiyi fikirlər, Azərbaycanın Avropa Şurasından tam çıxa biləcəyini bəyan etməsi göstərir ki, Azərbaycan müstəqil, suveren siyasət aparan ölkədir. Bizim milli maraqlarımız imkan verməyəcək ki, kiminsə bizimlə diktə dilində danışsın. Avropa Şurası Azərbaycanla münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq mövqeyinə qayıtmayana qədər Azərbaycan diktəni qəbul etməyəcək. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdikləri çox önəmli bir mesaj idi. Azərbaycanın suverenliyi, müstəqil siyasət aparması Avropa Şurasının ölkəmizin yaratdığı yeni reallığı qəbul edə bilməməsinə səbəb olmuşdur. AŞPA-da, Avropa Şurası institutlarında ümumiyyətlə müstəqil siyasət aparan ölkələrə qarşı bir qıcıq var. Xüsusilə də Azərbaycanın işğalçı Ermənistan qoşunlarını darmadağın etməsi sübut etdi ki, biz milli maraqlarımızın qorunmasından geri çəkilməyəcəyik. Ona görə də AŞPA-da fəaliyyət göstərən siyasi qüvvələr, eləcə də Fransaya bağlı olan partiyalar çox gözəl anlayırlar ki, Azərbaycan siyasi arenada yeni reallıq yaradıb və bu reallığı daha da gücləndirib qoruyur. Bu baxımdan, AŞPA-nın geosiyasi maraqlar ucbatından böyük güclərin əlində alət olmasının şahidi olduq. AŞPA Azərbaycanla münasibətlərində praqmatik olmayana qədər bizim nümayəndələrimiz ora qayıtmayacaq və biz bunu cənab Prezidentin də dilindən eşitdik.”
T. Gəncəliyev qeyd edib ki, bura Azərbaycandır və lazım gəlsə Avropa Şurası ilə olan münasibətlərimizi də kəsərik, amma diktə siyasətinə boyun əymərik:
“Azərbaycan Avropa Şurasında qalmaqdadır. Cənab Prezidentin dediyi kimi, bizim şurada olmağımızla olmamağımız arasında fərq yoxdur və biz şuradan çıxsaq, bunu heç kim hiss etməyəcək. Azərbaycan əsla Avropa Şurasından, onun institutlarından, parlamentindən asılı deyil və Azərbaycan Avropa Şurasından asılı olmamağını özünün müstəqil siyasəti ilə qazanıb və buna haqqı çatır. Bəlkə də başqa dövlətlər Avropa Şurası qarşısında belə müstəqil siyasət apara bilmədiklərinə görə onlar üçün qurumun üzvlüyündən çıxmaq daha çətindir, amma Azərbaycan öz müstəqil siyasətini aparır, bu gün də bu siyasəti davam etdirir. Biz nümayəndə heyətimizin o qurumdan çıxması ilə kifayət qədər müstəqil siyasət həyata keçirə bildiyimizi sübut etdik. Bundan sonra Avropa Şurasının özündən də tam çıxmaq məsələsi cənab Prezident tərəfindən səsləndirildi ki, onlar baxıb gerçəkliklərdən agah olsunlar və anlasınlar ki, heç kim Azərbaycanla diktə dili ilə danışmağa cürət etməməlidir. Azərbaycanın apardığı siyasət xoşlarına gəlmirsə, bu, onların öz problemidir. Bu münasibətlər ikitərəfli olmalıdır. Təkcə Azərbaycan konstruktiv münasibət göstərsin, amma Avropa Şurası buna ədalətli qarşılıq verməsin dövrü çoxdan bitib. Azərbaycan özü yeni reallıq yaradıb, Azərbaycan yeni gücdür və bizimlə münasibət qurmaq, əməkdaşlıq etmək istəyənlərə qarşılığını veririk, etmək istəməyənlərə isə yerlərini göstərməkdə davam edəcəyik və öz siyasətimizə sadiqiq”.
Nurlan Cəfəri













