Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin üzvlərinə təbrik məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi münasibətilə təbrik edib və gələcək işlərində yeni uğurlar arzulayıb.
Məktubda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsinin ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışdığı qeyd olunur. Vurğulanır ki, MOK nailiyyətlərlə zəngin şərəfli yol keçib və işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərib. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanıblar.
“Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır”, – deyə məktubda bildirilir.
Milli Olimpiya Komitəsinin idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrildiyini qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, MOK Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq.
www.yenicag.az