Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov son söz dedi və məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edildi.
Son iclasda 2020-ci ilin 9 may tarixində nazir müavini vəzifəsindən azad edilmiş Bayramovun müəyyən eyhamlar vurması diqqət çəkdi. Publika.az sabiq nazir müavinin ibtidai istintaqa verdiyi ifadələri əldə edib.
O, istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və ona şəxsən verdiyini qeyd edib.
İstintaq materiallarında qeyd edilir: “Belə ki, 2018-ci ilin sonlarında mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla tərəfindən regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılması və yaranan fərqin nağdlaşdırılaraq pul şəkilində ona verilməsinə icazə verilmiş, həmin vaxtdan etibarən regional idarə müdirləri musiqi məktəblərinin direktorları vasitəsilə mütəmadi olaraq hər ay musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırmış və yaranan fərqi nağdlaşdırılaraq pul şəkilində ona şəxsən və ya şöbə müdiri Pərvin İsgəndərli vasitəsilə verilmiş, hər rayonun bu mənbədən ona ödədiyi məbləğ region ərazisində yerləşən musiqi məktəblərinin sayı və orada işləyən müəllimlərin sayından asılı olmuş, belə ki, bu mənbədən əldə etdikləri qazancdan Sumqayıt regional idarəsinin rəisi ayda təxminən 10.000 – 12.000 manat, Xaçmaz regional idarəsinin rəisi ayda təxminən 4.000 manat, İsmayıllı regional idarəsinin rəisi ayda təxminən 15.000 manat, Kürdəmir regional idarəsinin rəisi ayda təxminən 7.000 – 9.500 manat, Ağstafa regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Şəmkir regional idarəsinin rəisi ayda təxminən 10.000 – 13.000 manat, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12.000 manat, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1.000 – 2.000 manat, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat, Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8.000 manat, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5.000 manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2.000 ona şəxsən və ya digər əməkdaş vasitəsilə nağd şəkildə verilmiş, hər ay üzrə bu vəsait cəmi təxminən 60.000 – 65.000 manat təşkil etmiş, yanvar, iyul və avqust aylarında tətil olduğundan bu vəsait yalnız həmin aylar üçün alınmamışdır. 2019-cu ildə o, şəxsən və ya digər əməkdaş vasitəsilə regional idarə rəislərindən yuxarıda qeyd olunan mənbədən əldə olunan pul vəsaitindən hissə-hissə cəmi il ərzində təxminən 550.000 – 600.000 manat məbləğində pul vəsaiti almış, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmış, həmin vəsaitin bir qismini o, hər ay mükafat şəkilində öz əməkdaşlarına paylamış, 2020-ci il ərzində yuxarıda qeyd olunan yolla musiqi məktəblərindən əldə olunmuş vəsaiti yalnız fevral ayı üçün almış, həmin vəsait ümumilikdə 63.000 manat təşkil etmiş, bunu baxış zamanı çantasından çıxan vərəqdəki qeydlər də təsdiq edə bilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına paylamışdır.
2020-ci ilin fevral ayında bu cür neqativ halların qarşısının alınması üçün tərəfindən region idarələrinə göstəriş verilmiş, son üç ayda belə hallar mövcud olmamış, yalnız Biləsuvar regional idarəsinin rəisi mart ayında da bu mənbədən 1.000 manat pulu şəxsən almış, 08 may 2020-ci ildə saat təxminən 11 radələrində Şəmkir regional idarəsinin rəisi Höccət Əsədullayev onun nazirlikdəki iş otağına gəlmiş, söhbət əsnasında ona pul şəkilində «hörmət» vermək istəmiş, məbləğin nə qədər olduğunu bilməmiş, pulu almaqdan imtina etdikdə, Höccət heç olmazsa həmin pulu sürücüsünə vermək üçün ondan icazə istəmiş, uzun söz-söhbətdən sonra o, pulun sürücüyə verilməsinə etiraz etməmiş, daha sonra Höccət onun sürücüsünə pulu verib-vermədiyini, verilmiş vəsaitin məbləğini bilməmiş, Höcət otağından çıxan kimi oraya Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələrək xidməti otağına baxış keçirmişdir.
Bundan əlavə, regionlarda yerləşən mədəniyyət müəssisələrində cari təmir işlərinin aparılması üçün region idarələrinin büdcələrində müəyyən vəsaitlər olmuş, bu vəsaitlərin düzgün və təyinatı üzrə xərclənməsi üçün tərəflərindən nəzarətin həyata keçirilməsi tapşırılmış, idarə rəislərinə bu işlərin görülməsi üçün yalnız peşəkar şirkətlərlə işləməyi tövsiyə etmiş, regional idarə rəisləri rəsmi tender elan edərək, həmin tenderdə qalib gələn şirkətə görüləcək işlərə görə regional idarələr tərəfindən köçürülmüş vəsaitin ƏDV çıxılmaqla 10% məbləğində hissəsi nağd şəkildə şirkət rəhbəri tərəfindən regional idarənin rəisinə verilmiş, əlavə 10% hissəsi isə özünə region rəhbəri tərəfindən və ya tenderdə qalib gəlmiş tanıdığı şirkət rəhbəri tərəfindən şəxsən çatdırılmış, bu üsulla yalnız 2019-cu il üçün köçürülmüş vəsaitin 10%-ni «otkat» şəkilində almış, 2019-cu ildə regionlarda mədəniyyət müəssisələrində aparılacaq təmir işlərinə 1.500.000 manat ayrılmış, həmin vəsaitdən bu üsulla ona cəmi 150.000 manat «otkat» şəkilində verilmiş, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmışdır.
Vəsaitin bir qismini o, mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, 2020-ci ildə regionlarda yerləşən mədəniyyət obyektlərinin cari və əsaslı təmiri üçün Nazirlik tərəfindən 2.305.175 manat vəsaitin ayrılması nəzərdə tutulmuş, lakin karantin səbəbindən bu il ərzində tender keçirilməmiş, şirkətlərə ödəniş edilməmiş, bu səbəbdən də «otkat» alınmamışdır.
Nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2019-cu ildə 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn MMC və digər şirkətlərə yuxarıda qeyd olunan işlərin görülməsi üçün təxminən 290.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 30.000 manat «otkat» şəkilində şirkət rəhbəri tərəfindən ona şəxsən verilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2020-ci ildə yenidən 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn MMC-yə yuxarıda qeyd olunan işlərin görülməsi üçün ilkin olaraq 50.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat «otkat» şəkilində şirkət rəhbəri Şahid18 tərəfindən 06 may 2020-ci ildə şəxsən xidməti otağında ona verilmiş, həmin vəsait digər pul vəsaitləri arasında xidməti otağına baxış zamanı seyfindən aşkar edilmişdir.
2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyində aparat rəhbəri vəzifəsində işlərkən Nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün MMC-yə köçürülmüş vəsaitin bir hissəsi, yəni 31.000 manatı ona şəxsən «otkat» şəklində verilmiş, 2017-ci ildə həmin işlərə görə “Şahid18” şirkətinə köçürülmüş 89.000 manat vəsaitin 14.666 manatı şəxsən «otkat» şəklində verilmiş, 2018-ci ildə həmin işlərə görə Şahid18 şirkətinə köçürülmüş 296.000 manat vəsaitin təxminən 10% şəxsən «otkat» şəkilində verilmiş, yalnız 2018-ci ildə və sonrakı illərdə ona verilən vəsaiti o, nazir Əbülfəs Qarayevə verib ona çatası hissəsini almışdır.
2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayınadək Mədəniyyət Nazirliyinin vəsaiti hesabına «Baku Guide – Culture Guide» jurnalının nəşri həyata keçirilmiş, həmin jurnalın ayda 1 dəfə olmaqla ildə 12 buraxılışı olmuş, nazirlik tərəfindən jurnalın nəşrinə illik təxminən 200.000 manat vəsait ayrılmış, onun tapşırığı ilə jurnalın nəşri və satışının təşkili ilə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Həmbətov məşğul olmuş, bu layihənin həyata keçirilməsi zamanı marketinq və satışdan əldə olunan gəlirdən “Şahid19” ona təşəkkür kimi adətən 2.000 – 2.500 manat vermişdir”.
Qeyd edək ki, R.Bayramov özünü qismən təsirli bildiyini deyib: “İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur. Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə cənab Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə 3 azyaşlı uşaq olduğunu və həyat yoldaşımın xərçəng xəstəsi olduğunu nəzərə alasınız”.
www.yenicag.az