!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin postsovet dövlətlərini Rusiya və Sovet imperiyalarının bir parçası kimi görür” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Hətta vaxtilə Rusiya ilə ittifaqa can atan Belarus da sonda anladı ki, Moskvaya tərəfdaş yox, vassal lazımdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin bərpasının vacibliyinə yönəlik açıq eyhamlarını şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Putin heç bir çıxışında postsovet ölkələrinə müstəqil dövlət kimi yanaşmır:

“Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına son müsahibəsində deyib ki, guya keçmiş Sovet respublikalarında SSRİ-nin bərpası ilə bağlı qorxular tədricən aradan qalxır.

Putin bildirib ki, keçmiş müttəfiq respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç nə yoxdur. Buna baxmayaraq, Rusiya prezidenti mövcud reallığı belə ifadə edib: “Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki bu mümkündür”.

Vladimir Putin sonrakı cümləsində açıqlamasının mahiyyətini bu sözlərlə büruzə verib:

“SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”.

Putin keçmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını vurğulayıb. Kreml sahibi keçmiş SSRİ-nin vahid dilinin, nəqliyyat infrastrukturunun və enerji qaynaqlarının olduğunu da xatırladıb. Putin bu birliyin bərpasında maraqlı olmayan qüvvənin adını da çəkib: Qərb”.

Elxan Şahinoğlu əlavə edib ki, Putin postsovet ölkələrini hələ də Rusiya və Sovet imperiyasının tərkib hissəsi olaraq, görür:

“Birincisi, Putin sonuncu cümləsində yeni heç nə deməyib. Həqiqətən, Qərb SSRİ-nin bərpasını istəmir. Ancaq SSRİ-nin bərpasını heç Putinin haqqında danışdığı keçmiş SSRİ respublikaları, indiki müstəqil dövlətlər də istəmir. Putinin açıqlamasının heç bir yerində keçmiş SSRİ respublikaları müstəqil dövlətlər kimi adlandırılmır.

Bununla Kreml sahibi bu dövlətlərə münasibətini ortaya qoyur. Putin ətrafındakı dövlətləri Rusiya və Sovet imperiyasının tərkib hissəsi kimi qiymətləndirir. Təsadüfi deyil ki, Putin illər öncə verdiyi açıqlamada SSRİ-nin süqutunu “əsrin böyük faciəsi” adlandırmışdı.

Aydındır ki, bunu deyən şəxs Rusiyanın qonşularını müstəqil dövlətlər kimi dəyərləndirə bilməz. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etməsini, 2014-cü ildə isə Krımı ilhaq etməsini, Donbasda Ukraynaya tabe olmayan separatçı bölgə yaratmasını bu siyasətin tərkib hissəsi kimi dəyərləndirə bilərik.

İkincisi, Putin son açıqlamasında “vahid dilə qayıdışa” işarə edərkən, hamının yenidən rus dilində danışmasının vacibliyinə işarə edib. Putini başqalarının fikri maraqlandırmır, o öz xəyallarını reallaşdırmaq istəyir. Necə ki, Adolf Hitler başqa dövlətlərin ərazilərini işğal edərkən öz arzularını gerçəkləşdirmək istəyirdi. Ancaq indi fərqli əsrdir, güclər və maraqlar da fərqlidir. Yəni Putinin dediyi əsas deyil, əsas dünyadakı və bölgədəki qüvvələr nisbətidir.

Üçüncüsü, keçmiş SSRİ respublikalarından hansı biri imperiyanın yenidən bərpasını, Rusiyanın ağalığı ilə Qərblə münasibətlərinin korlanmasını və nəhayət, müstəqillikdən vaz keçilməsini istəyir? Rusiyanın yaxın müttəfiqləri Qazaxıstan, Belarus və Ermənistan sayılır. Ancaq hətta bu 3 dövlət belə çətin ki, Putinin “SSRİ-ni başqa şəkildə bərpa edək” ideyasına dəstək versin. Rusiya ilə birləşməyə illərdir, hazır olan Belarus belə sonda anladı ki, Moskvaya tərəfdaş yox, vassal lazımdır. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko vaxtilə özünün irəli sürdüyü Rusiya ilə ittifaq ideyasından imtina edib.

Dördüncüsü, Putin eyni açıqlamada ziddiyyətli fikirlər söyləyib. SSRİ-nin başqa formada bərpasından danışan Putin sonrakı cümləsində deyib ki, Avrasiya İqtisadi Birliyinin yeni üzvlərlə genişləndirilməsi məsələsində tələsmək lazım deyil. Putin deyib ki, Avropa təcrübəsi inteqrasiya proseslərində çətinliklərin olduğunu və onlarla hesablaşmağın vacibliyini göstərib. Putinin bu fikri ilə razılaşmamaq olmur. Ancaq inteqrasiyanın mövcüd çətinliklərindən danışan Putin eyni zamanda bundan daha sıx inteqrasiya olunması hədəflənən ikinci SSRİ-nin bərpasını necə mümkün hesab edir?

Başqa aktual sual da var. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında inteqrasiya necə mümkündür? Bəziləri deyə bilər ki, axı Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) də üzvüdürlər. Məsələ burasındadır ki, MDB amorf qurumdur. Putin isə MDB-dən və Avrasiya İqtisadi Birliyindən daha güclü təşkilat yaratmaq istəyir”.

Putinin bu fikirləri hələ davam edən pandemiya dönəmində səsləndirməsinə isə politloq belə mübnasibət bildirib:

“Putin “yeni ideyasını” maraqlı dövrdə irəli sürür. Dünya və elə Rusiyanın özü koronavirusla gərgin mübarizə aparır, xəstələrin və ölənlərin sayı artır. Rusiyada vəziyyət ağırdır. Bir tərəfdən koronavirus, digər tərəfdən də neftin qiymətlərinin düşməsi Rusiya iqtisadiyyatını iflic edib. Kremlin sahibi bu problemləri necə həll edəcəyi və ölkənin bütövlüyünün gələcəyi haqqında düşünmək əvəzinə, SSRİ-ni başqa formada bərpa etmək istəyir. Burda deyiblər, özünə umac ova bilmir, özgəyə əriştə kəsir”.

Səxavət Məmməd

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv