Putin-Uitkoff görüşündən SONRA: Vaşinqton hansı yolu SEÇƏCƏK?
“Görüşün müsbət nəticələnməsinə baxmayaraq, ABŞ bu addımı atacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında ehtimal olunan görüşün mümkünn nəticələrini şərh edib.
Politoloq bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri və Putinlə görüşü iki ölkə liderinin arasında mümkün görüşə hazırlıq getdiyini göstərir:
“Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin nizamlanması məqsədilə ABŞ və Rusiya liderləri arasında intensiv telefon danışıqları aparılır. Lakin danışıqlarda müəyyən razılaşmalar əldə olunsa da, ardınca Rusiya tərəfi kütləvi şəkildə dronlardan və raketlərdən istifadə etməklə Ukraynaya zərbələr endirir. Bu isə təbii ki, Trampı qane etmir və sülh əldə etməkdə çətinliklər yaradır. Ona görə də diplomatik resurslar tam şəkildə səfərbər olunub. Əvvəlcə 50 gün müəyyən olundu. Əgər nəticə əldə olunmazsa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəkdi. Lakin sonradan həmin müddət 10 günə endirildi. Bu qərar məhz Ukraynaya qarşı hücumlarla bağlı idi. Avqustun 8-də 10 günlük müddət də başa çatır. Uitkoffla keçirilən görüşün müsbət nəticələnməsinə baxmayaraq ABŞ bu addımı atacaq və vəd olunmuş qərarları həyata keçirəcək”.
Onun sözlərinə görə, əgər Putinlə Tramp görüşsə belə, bu, atəşkəsin dərhal əldə olunmasına və ya silahların tezliklə susmasına səbəb olmayacaq:
“Çünki belə görüşlər heç də hər zaman uğurlu nəticə vermir. Sülh prosesi mərhələ-mərhələ, addım-addım tərəflərin yaxınlaşması ilə formalaşır. Səfərlər və təmaslar uzana da bilər. Hazırkı reallıqlar kontekstində həm ABŞ, həm də Rusiya müharibədən və onun ağır fəsadlarından ən uyğun nəticələrlə çıxmağa çalışır. Əsas qəliz proses də məhz bundan ibarətdir. Ukrayna dövləti öz ərazi bütövlüyü naminə birləşib mövcud reallıqlar fonunda müharibənin davam etdirilməsini istəyir”.
“Hər kəs anlayır ki, hazırkı mərhələdə müharibə dayansa, torpaq itkisi yaşana bilər. Ən azı döyüş meydanında torpaqları geri qaytarmaq mümkündür. Belə olan halda Avropa İttifaqı ilə ABŞ arasında da fikir ayrılıqları yaranır, ziddiyyətlər daha da dərinləşir. Lakin Trampı narahat edən yeganə məsələ hazırda müharibənin nəyin bahasına olur-olsun dayandırılmasından ibarətdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli