“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlamaqla səhv etdi. Elə bil ki, onun üçün qurulmuş tələyə düşdü”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.
O, Rusiya prezidentinin ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
M.Zülfüqarlıya görə, 2014-cü ildə Rusiya Krımı tutanda nə Ukrayna, nə də Qərb ölkələri ona müqavimət göstərdi:
“Putinin də ağzında bir şirə qaldı və sonra Luqansk və Donetsk qondarma qurumlarını yaratdı. Putin gördü ki, ona qarşı reaksiya yoxdur. Ona görə də belə fikirləşdi ki, müharibəyə başlayacaq, 2-3 gündən sonra Kiyevdə qələbə paradı keçirəcək və öz adamını Ukraynada hakimiyyətə gətirəcək. Yekunda isə Ukraynanı özünə birləşdirib, SSRİ-ni bərpa edəcək. Putin belə bir tələyə düşdü. Hətta Beynəlxalq Cinayət Məhkəməsi də Putin haqqında cinayət işi qaldırıb və qərar qəbul edilib ki, Ukraynadan uşaqların oğurlanıb, Rusiyaya aparılmasına görə cinayətkardır. Konvensiyaya qoşulan ölkələrin ərazisinə getsə, o, həbs olunacaq”.
Onun sözlərinə görə, bu baxımdan, normal vəziyyətdə insan öz canını yox, əksinə, əhalisini fikirləşsə, intihar etməli idi:
“Çünki bu adam istefa versə, cinayətkar kimi haqqında hökm oxunacaq. Yaxud da bu yoldan çəkinməli idi. Amma Putin bunu etmir, əksinə, bu boyda qırğın və müsibətlərdə Qərbi günahlandırmağa çalışır ki, bu da inandırıcı deyil. Qərbin siyasətində çatışmazlıqların olduğunu biz də görürük. Çünki Qərb ölkələri tarixən və müasir dövrdə öz maraqlaırndan çıxış ediblər. Lakin Putinin göstərdiyi arqumentlər də ciddi deyil.
Məsələn, Rusiya Ukraynaya ona görə hücum edib ki, Ukrayna NATO-ya daxil olacaqdı və Rusiya üçün təhlükələr yaradacaqdı. İndi isə İsveç və Finlandiya NATO-ya daxil oldu. Norveç də əvvəldən üzv idi. Bu tərəfdən də Qara dənizlə sərhəddə Türkiyə NATO üzvüdür. Yəni Rusiyanın ətrafı NATO ölkələridir, amma Ukraynanın NATO-ya qəbul olunmasını bəhanə etmək sadəlövhlükdən başqa bir şey deyildi. Yəni Putini, nəhayət, tələyə saldılar”.
Siyasi təhlilçinin fikrincə, hamı bilir ki, Putin hakimiyyətdən getsə, o sağ-salamat gedə bilməyəcək:
“Ona qarşı Beynəlxalq Cinayət Məhkəməsinin cinayət işi açılıb, ölkə daxilində də böyük narazılıqlar var. Hətta öz ətrafındakılar da Putindən narazıdırlar. Çünki onların da oğurladıqları milyardları xarici banklarda dondurulub və bundan istifadə edə bilmirlər. Hər kəsə məlumdur ki, bu pul onlar üçün Putindən qat-qat artıqdır və hamısı gözləyir ki, Putinin rejimi nə vaxt çökəcək? Ona görə də Putinin söylədiyi fikirlər və irəli sürdüyü təkliflərin hamısı özünə haqq qazandırmaqdan ibarətdir ki, bu da ciddi qarşılanmır. Çünki artıq sovet rejimi deyil ki, qapalı dövr olsun və nə desələr, insanlar inansın. Hazırda qloballaşma dövrüdür və yeri gələndə, uşaq da hansısa fikrin dəqiqliyini bilmək üçün internetdən istifadə edir”.
“Bu baxımdan, mənə elə gəlir ki, müharibəni tezliklə dayandırmaq və güzəştə getməklə haradasa özünü müəyyən müddət xilas edə bilər. Amma müharibəni davam etdirmək, Gürcüstan və Ermənistana təzyiqlər etməyin hamısı müvəqqətidir. İmperiyalar hamısı tarixən dağılmağa məhkumdur. XXI əsrdə yeganə imperiya da Rusiyadır ki, bu da dağılmalıdır. Qısacası, Putinin çıxışlarının elə də təsiri olmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az