Putinin imperialist planları necə SUYA DÜŞDÜ? – Rusiyanın Cənubi Qafqazdakı çöküşü BAŞLADI
“Rusiya Ukraynaya hücum etməklə imperialist niyyətlərini ortaya qoyduqdan sonra Kremlin bu kursu digər regionlarda da davam etdirməyəcəyinə inam yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi Rusiyanın Cənubi Qafqazdakı mövqelərini yavaş-yavaş itirməsindən sonra Kremlin regionda sərt həmlələr etmək istəməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.
Onun sözlərinə görə, artıq bunu hamı başa düşüb ki, Rusiyaya ən loyal və praqmatik siyasət yürüdən Azərbaycan belə ondan üz döndərirsə, deməli, kimsənin Rusiyanın sivil ölkə olacağına ümidi qalmayıb:
“Rusiya ətrafına qarşı həmişə aqressiv olub, indi də belədir. Rusiya ancaq hamı ilə hədə dilində danışmağı bacarır. Bu da Cənubi Qafqazda mövqelərinin itirilməsinə səbəb olub. Rusiyaya yaxın görünən heç bir dövlət bunu xoş niyyətindən etməyib. Bunu Rusiyadan çəkindiyi üçün məcburiyyətdən edib, amma artıq bu da bəs etmir. Hamı yaxşı başa düşür ki, Rusiyaya loyal olmaq da azdır. Rusiya özünü böyük hesab etmək üçün ətrafını güc yolu ilə ram etməyi planlaşdırır ki, bu da Rusiya hegemonluq hissi verir. Rusiya onda özünü rahat hiss edir”.
A. Qasımovun fikrincə, Rusiya elitasında sivil düşüncə sahibi müəyyən qruplar var ki, bütün bunların onları hamıdan aralı saldığını başa düşürlər:
“Amma bunlar qəti şəkildə Rusiyanın indiki hakim siyasi elitası arasında deyillər. Onların düşüncələrinin hamısı imperiya maraqları çərçivəsindədir. Bəziləri sadəcə zəif düşdüklərini real şəkildə anlayanlardır ki, bir az vaxt qazanmağın gələcək planları həyata keçirməsinə mühüm olduğunu fikirləşirlər. Amma nəticə etibarilə, yenə də imperiya planlarından geri durmurlar”.
Sonda həmsöhbətimiz onu da vurğulayıb ki, Rusiya artıq elə bir təhlükəli dövrünə daxil olub ki, onun üçün bütün qırmızı cizgilər aşılıb:
“Rusiyadan hər şey gözləmək olar, lakin bu həmlələrin Rusiyanın gələcəyində hansı dəyişikliklər yaradacağını zaman göstərəcək. Bu, böyük ölçüdə Rusiyanın daha da zəifləməsi də ola bilər. Rusiyanın bundan sonra güclənməsi ehtimalı isə zəifdir. Çünki bunun üçün heç bir siyasi və iqtisadi zəmin yoxdur”.
Rafi Müslümov