Əliməmməd Nuriyev: “QMİ-nin mövcudluğunda hüquqi ziddiyyət axtarmağa zərurət görmürəm”
Müzəffər Baxışov: “Nə deyirsə fikrimcə, S. Cəlaloğlunun dedikləri düzdür”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın müstəqilliyinə və qanunlarına uyğun deyil: “Onun əvəzində Azərbaycan Müsəlmanları İdarəsi yaradıla bilər və Paşazadə oranın şeyxi ola bilər. Eyni zamanda, Paşazadəyə qarşı heç bir iddiam yoxdur. Sadəcə, Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməli və Azərbaycan Müsəlmanları İdarəsi yaradılmalıdır. Rəhbəri də kim olur-olsun, bu, o qədər də önəmli deyil.”
Partiya sədrinin sözlərinə görə, QMİ-nin saxlanılması müstəqilliyimizə zidd hərəkətdir: “Azərbaycanın müstəqil olmasına baxmayaraq, sovet rejimində mövcud olmuş bir çox strukturlar hələ də olduğu kimi saxlanılıb. Bunlardan Qafqaz Müsəlmanları İdarəsini nümunə göstərmək olar. Hansı ki, müstəqil Azərbaycanın dini dövlət təşkilatı təkcə öz əraziləri yox, həm də başqa ərazilərin dini konfensiyalarına rəhbərlik edir. Müstəqil Azərbaycanın dövlət Konstitusiyasına görə, Azərbaycan ərazisində fəaliyyət göstərən bu cür təşkilat başqa ölkənin ərazisində fəaliyyət göstərə bilməz. Necə olur ki, QMİ Çeçenistanda, Dağıstanda və başqa yerlərdə olan müsəlmanları idarə edə bilir? Bu mənə çatmır. Allahşükür Paşazadənin də seçilməsində Şimali Qafqazdan nümayəndələr gəlib iştirak edir. Onlar Rusiya vətəndaşı olaraq, orada fəaliyyət göstərir. Paşazadə isə Azərbaycanda. Konstitusiyaya görə, Paşazadənin hər hansı toplumla bu və ya başqa şəkildə əlaqəyə girməsi qadağandır. Məsələnin mahiyyəti budur”.
Sərdar Cəlaloğlu deyib ki, Allahşükür Paşazadənin QMİ sədri olması Azərbaycan qanunlarına görə qadağandır: “Azərbaycanda istər dövlət, istərsə də qeyri-dövlət strukturları dövlət müstəqilliyi və suverenliyi prinsiplərinə rəhbər tutularaq təşkilatlanmalıdır”.
Həqiqətənmi QMİ-nin mövcudluğu Azərbaycan Konstitusiyası və qanunlarına görə yolverilməzdir?
Konstitusiya Araşdımalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında QMİ-nin fəaliyyət göstərməsində hüquqi ziddiyyət axtarmaq və araşdırmağa ehtiyac olmadığını bildirdi: “QMİ “İctimai birliklər haqqında qanuna” uyğun olaraq yaradılıb. Ona görə də burada hər hansı bir qanuna zidd element axtarmağa ehtiyac yoxdur. Qafqaza vahid bir məkan, müsəlmanların yayıldığı, yaşadığı bir region kimi baxmaq lazımdır. Bütövlükdə Qafqazda da ən çox müsəlmanın yaşadığı ölkə həmişə Azərbaycan olub. Ona görə də ənənəvi olaraq Azərbaycanda belə bir idarə yaradılıb. Həmin qurum çar Rusiyası dövründə yaranıb, sovetlər dönəmində, indi də davam edir. Belə bir qurumun olması müsəlmanlara vahid mövqedən çıxış etmək, vahid siyasətin hazırlanması imkanı yaradır, onların digər fundamentalist qruplara qoşulmasının qarşısını alır. Ona görə də düşünmürəm ki, QMİ-nin mövcud olmasında hər hansı bir hüquqi ziddiyyət tapmağa, araşdırmağa ehtiyac vardır. Onun ölkəmizdə mövcudluğu Azərbaycanın regionda lider dövləti olduğunu və belə məsələlərə nə qədər həssas yanaşdığının göstəricisidir. Tolerant ölkə olaraq məhz Azərbaycanda belə bir idarənin olması daha doğrudur. Bu baxımdan da ənənəni davam etdiririk. Bu məsələdə kim isə hüquqi problem axtarırsa, bu onun öz problemidir. Burada hər hansı bir hüquqi problem yoxdur. Əksinə QMİ-nin olmasının müsbət və böyük nəticələri var. İndiyə qədər aparılan siyasət də onu göstərir ki, QMİ müsəlmanların bir araya toplanması, bir yerdə mənəvi-dini etiqadlarını nümayiş etdirməsi üçün gözəl bir məkandır. Bu istiqamətdə hər hansı bir ekstremist, fundamentalist, radikal cərəyanların Qafqaza daxil olmasına əhəmiyətli surətdə maneə olan bir qurumdur. QMİ məhz “Qurani-Kərim”də göstərilən qaydalara uyğun olaraq fəaliyyətini həyata keçirir, siyasətə qoşulmur. Qafqazda fərqli-fərqli idarələrin yaradılması bölgədə müsəlmanlar arasında təfriqənin yaranmasına, qarşıdurmalara, ayrı-ayrı ölkələrin bundan sui-istifadə etməsinə gətirib çıxara bilər. QMİ-nin rəhbərliyi altında Qafqazda yaşayan bütün müsəlmanlar arasında gözəl münasibətlər var. Bu da məhz QMİ-nin xidmətinin nəticəsidir. QMİ QHT, vətəndaş cəmiyyətinin strukturu kimi də Azərbaycan ərazisində fəaliyyət göstərə bilər. QMİ dövlət idarəsi deyil ki, ictimai qurumdur. Ona görə də burada ziddiyyət axtarmağa zərurət də görmürəm”.
“Hüquqi dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov isə S. Cəlaloğlunu yuxarıda səslənən fikirlərinə görə ümumən dəstəklədi: “Ümumiyyətlə sovet dövründən bu kimi qurumlar hüquqi qurumlar hesab olunmur. Ona görə də QMİ barədə heç nə deyə bilmərəm. Amma Sərdar Cəlaloğlu çox ağıllı insandır. Nə deyirsə fikrimcə, onun dedikləri düzdür”.
Elçin/Yenicag.az