Separatçıların məhkəməsi: “Aşot, gör necə yanır”

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 5-də davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub. 1993-cü ilin aprelində ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda Ermənistan ordusunun bir qrup hərbçisi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan Davit İşxanyan görünür.

Erməni dilindəki videomaterialın tərcüməçi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlibmiş.

Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir. S.Sarkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan yox, hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir” deyə bildirir.

Videomaterialda sonra əraziyə baxış keçirilir, S.Sarkisyan həmin vaxt 28-ci Xocavənd taborunun komandiri D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdamın və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Sonra isə Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir.

Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs Davit İşxanyana məhkəmədə nümayiş olunmuş videomaterialla bağlı suallar ünvanlayıblar.

D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyərək bildirib: “Mənim taboruma gəlmişdilər. Taborun mövqelərindəki vəziyyətlə tanış olurdular”.

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: “Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi – red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır.

Videoda arxada duran sürücüdür. Dəqiq yadımda deyil, Movses Akopyanın və ya Monte Melkonyanın sürücüsü idi”.

D.İşxanyan suallara cavabında S.Sarkisyanın “daha çox ərazi tutmaq”la bağlı dediklərinə belə münasibət bildirərək qeyd edib: “Mən Sarkisyanın dediklərini şərh edə bilmərəm”.

Təqsirləndirilən şəxs D.İşxanyan komandiri olduğu tabor üçün təminatın “Xocavənd müdafiə rayonu”nun qərargahından gəldiyini bildirib.

D.İşxanyan komandiri olduğu taborun 1993-cü ilin iyul-avqust aylarında Ağdam istiqamətlərində döyüş əməliyyatlarında iştirak etdiyini də vurğulayıb.

Ardınca məhkəmədə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, Ermənistan ordusunun bir qrup hərbçisi əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kəndinin sakini olduğunu, 1992-ci ilin mayında kəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası Mehti Məmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindən öldürüldüyünü diqqətə çatdıraraq deyib: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım var idi”.

Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunu bildirib. Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən mütəmadi şəkildə atəşə tutulduğunu da söyləyib: “1992-ci il mayın 8-dək ermənilərin hücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni, ona böyük zərər dəyib.

Sonra məhkəmədə 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan olunub və hadisə yerindən tükürpədən fotolar nümayiş etdirilib.

Sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşan Laçın rayonunun Nağdalı kəndinin sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 5 radələrində erməni hərbçiləri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.

Həmin qətliam zamanı qətlə yetirilənlərdən 7-sinin yaşı 18-dək, 4-nün yaşı isə 60-dan yuxarı olub. Ümumilikdə 13 qadın, 11 kişi həlak olub.

Daha sonra məhkəmədə 1992-ci il sentyabrın 19-da Goranboy rayonunun Gülüstan kəndində azərbaycanlı sakinlərin atəşə tutulması faktı üzrə sənədlər tədqiq edilib. Sənədlərə əsasən, həmin gün saat 18 radələrində Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Gülüstan kəndində kartof yığımı ilə məşğul olan sakinlərə silahlı hücum edib. Nəticədə 20 dinc sakin odlu silahlardan açılan atəşlər nəticəsində qətlə yetirilib, bir neçə nəfər isə xəsarətlər alıb.

Həmin gün Goranboyun Gülüstan kəndinə hücum edilərkən rayonun Ağcakənd polis bölməsinin əməkdaşları onlara silahlı müqavimət göstərib və dinc sakinləri həmin ərazidən təxliyə edərkən pusquya salınıb. Nəticədə 13 nəfər qətlə yetirilib, 8 nəfər yaralanıb. Qətlə yetirilmiş şəxslərdən 2-si, həmçinin xəsarət almış şəxslərdən 2 nəfəri polis əməkdaşı olub.

Zərərçəkmiş şəxs Binnət Mehdiyev Şuşa şəhərindən məcburi köçkün kimi Laçın rayonunun Nağdalı kəndində məskunlaşdığını, 1992-ci il mayın 17-18-də kəndin işğal olunduğunu, bundan sonra Goranboy rayonunun Ballıqaya kəndinə gəldiklərini bildirib.

B.Mehdiyev 1992-ci il avqustun 28-də erməni silahlılarının hücum etdiklərini, nəticədə 24 nəfərin qətlə yetirildiyini bildirib. Hadisə zamanı onun atası, anası, iki qardaşı, bacısı və digər yaxın qohumları qətlə yetirilib. “Hadisə zamanı Vəzir adlı qohumumun həyat yoldaşını və 6 uşağını qətlə yetiriblər. Uşaqlardan biri altıaylıq körpə idi”, – deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Şəhla Quliyeva 1992-ci ilin mayında Laçın rayonundan məcburi köçkün kimi əvvəlcə Goranboyun Baş Qışlaq kəndinə, daha sonra isə həmin rayonun Ballıqaya kəndinə köçdüklərini deyib.

O, 1992-ci il avqustun 27-də ərazidə vertolyot gördüyünü və bu barədə qayınanasına məlumat verdiyini söyləyərək deyib: “Həmin gecə nigaran yatdıq. Avqustun 28-də səhər saat 5 radələrində gördüm ki, ətrafı alov bürüdü”.

Ş.Quliyeva həmin vaxt hündürlükdə olan alaçıqdan yaxınlıqdakı meşəyə düşdüyünə görə təsadüfən sağ qalıb. O, hadisə zamanı güllə yarası alıb.

O, hadisə zamanı qayınanasının, baldızlarının, qayınanasının 110 yaşlı qayınanasının və digər qohumlarının qətlə yetirildiyini bildirib.

Zərərçəkmiş şəxs Nəsrəddin Mustafayev 1992-ci il sentyabrın 19-da kartof yığmaq üçün getdiyi Goranboy rayonunun Gülüstan kəndində Ermənistan ordusunun bölmələri tərəfindən atəşə tutulduqlarını, nəticədə ayağından yaralandığını vurğulayıb. O qeyd edib: “Ayaq barmaqlarımın üçdəbir hissəsi yoxdur”.

Zərərçəkmiş şəxs Sahibə Mustafayeva bildirib ki, 1992-ci il sentyabrın 19-da atası Kazım, babası Salman ilə birlikdə Goranboyun Gülüstan kəndinə kartof yığmağa gedib, geri qayıdarkən atasının idarə etdiyi avtomobili Ermənistan hərbçiləri atəşə tutublar. Güllələrdən biri atasına, digəri isə babası Salmana dəyib. Həmin vaxt 12 yaşı olan S.Mustafayeva ayağından güllə xəsarəti alıb və huşunu itirib. Sonradan bilib ki, həmin hadisə nəticəsində çoxlu adam, o cümlədən babası Salman və atası Kazım ölüb.

Zərərçəkmiş şəxs Nofəl Nuruyev qeyd edib ki, müdiri Qafqaz Rüstəmovun tapşırığı ilə 1992-ci il sentyabrın 19-da idarə etdiyi “Zil” markalı avtomobillə Tapqaraqoyunlu kənd sakini İsrafil İsmayılov və yolda avtomobilinə götürdüyü tanımadığı 3 azərbaycanlı ilə birlikdə kartof yığmaq üçün Goranboyun Gülüstan kəndinə gediblər. Orada onlardan başqa çoxlu sakinin də kartof yığmaq üçün orada olduğunu görüb. Geri qayıdarkən polis postunu keçdikdən sonra yolun meşə ərazisində qəflətən erməni hərbçilər onun olduğu avtomobili odlu silahlardan atəşə tutublar. Həmin vaxt polislər köməyə gəlib və erməni hərbçilərlə atışma davam edib. Nəticədə o, gözündən güllə yarası alıb, İsrafil İsmayılov isə həlak olub. Hazırda bir gözü görmür. Sonradan ona məlum olub ki, hadisə nəticəsində təxminən 20-yə yaxın azərbaycanlı qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Ölən şəxslərdən Qaraqaşlı kənd sakini Kazım Məmmədovu və qayınatası Salman Qocayevi tanıyıb.

Zərərçəkmiş şəxs Xaləddin Rüstəmov ifadəsində Goranboy rayonunun Aşağı Ağcakənd Polis Bölməsində polis işlədiyini, 1992-ci il sentyabrın 19-da Gülüstan kəndindəki polis postunda xidmətdə olduğunu bildirib. X.Rüstəmov deyib ki, həmin gün çoxlu sayda azərbaycanlı sakin Gülüstan kəndində kartof yığımı ilə məşğul olub axşamüstü geri qayıdan ərəfədə kənd odlu silahlardan atəşə tutulub. Nəticədə o və polis əməkdaşı Ceyhun Teyyubov xəsarət alıb, Elxan Süleymanov və Yavər Kazımov isə həlak olub.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600