!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanla çəkilən sərhədlər və yaxud Kremlin Cənubi Qafqazdakı “dəmir pəncəsi” – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Son günlər həm Ermənistan, həm də Azərbaycan mətbuatı müharibə ritorikasına bürünüb.

Müharibə olacaq-olmayacaq, bunu qoyaq bir kənara, keçək, indiki ritorikanın səbəblərinə. Faktiki olaraq, iki dövlət arasında aylardır ki, sülh danışıqları ilə bağlı təmaslar yoxdur. Bundan əlavə, hər iki dövlət hərbi büdcəsini rekord həddə çatdırıb. Təkcə hərbi büdcənin bu həddə çatdırılması müharibə təhlükəsinin real olduğunu ortaya qoyurdu. Ən azı, dövlətlər belə bir addıma gediblərsə, demək, üfüqdə bunun işartılarını görüblər. Ermənistan silahlanır, Azərbaycan da boş dayanmayıb. Kiçik bir region üçün bu qədər silahlanma qətiyyən normal ola bilməz.

Rusiya Ukrayna müharibəsi fonunda artıq “dünyanın bölüşdürülməsi” tezisi bütün mətbuat orqanlarının manşetindən, ekspertlərin, hətta rəsmilərin dilindən düşmür. Bunun reallıq payı var? Əlbəttə, var. Rusiya-Ukrayna müharibəsi başlayar başlamaz Ukraynanın bölünəcəyi barədə iddialar səsləndirilirdi. Bundan başqa, Yaxın Şərqdə baş verən proseslərdə də bölünmə iddiası əsas tezislərdən biri idi. Bəşər Əsədin hakimiyyətinin bitməsi ilə Suriyanın parçalanması iddiası daha çox artıb. Əslində, bu bölünmə reallığa çox yaxındır. Çünki Türkiyədən başqa, demək olar ki, heç bir ölkə Suriyanın vahidliyini istəmir. Hətta zaman-zaman Türkiyə də açıq şəkildə Suriyanın müəyyən ərazilərinə beynəlxalq hüquqla onların haqqı olmasını dilə gətirir.

İsrail Qolan təpələrini işğal edib. Oradan çıxmayacağını da açıq şəkildə dilə gətirir. Proseslərə bizə təqdim edilən kimi yox, fərqli yöndən baxsaq və daxildə savaşların istiqamətlərinə diqqət etsək, görəcəyik ki, toqquşmalar təkcə faydalı qazıntılar yox, insan həyatı üçün olmazsa-olmaz olan içməli su mənbələri üzərində gedir. İsrailin hazırda götürdüyü ərazilər Suriyanın su ehtiyatının 30 faizini təşkil edir. Eləcə də kürdlərlə türkmənlər arasında hazırda davam edən toqquşma da su mənbələri üzərindədir.

Hazırkı bölünmə təkcə siyasi xəritələrin dəyişməsi, dövlətlərin dağılması, yenilərinin yaranması ilə də müşahidə edilməyəcək. Müəyyən regionlar var ki, orada təsir dairələri dəyişə bilər. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Cənubi Qafqaza böyük təsiri olacaq. Regionun hansı gücün təsir dairəsinə düşəcəyini açıq şəkildə müşahidə edəcəyik. Cənubi Qafqazda maraqları olan regiona qonşu ölkələr İran, Türkiyə və Rusiyadır. İranın strateji hədəflərinin Yaxın Şərqlə, Çin və Rusiya ilə yaxınlaşma olduğunu nəzərə alsaq, rəsmi Tehran Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmaq istəməyəcək. Türkiyənin də strateji hədəfi Yaxın Şərqlə bağlıdır. Bununla yanaşı, Türkiyə Suriyada elə bir qarışıq prosesə qoşulub ki, onun eyni zamanda həm də Cənubi Qafqaz uğrunda savaşa var gücünü qoyması inandırıcı görünmür. Habelə Türkiyənin Rusiya ilə Cənubi Qafqaz uğrunda toqquşması da real görünmür.

Hazırkı müharibə ritorikasına baxdıqda Cənubi Qafqazda Rusiyanın aktiv fəaliyyətini görəcəyik. Dəsti-xətt baş verənlərin və verəcəklərin arxasında Rusiyanın dayandığını açıq şəkildə göstərir. Rusiya bir qərinəlik dövrdə Qarabağ problemi ilə Azərbaycan və Ermənistanı təsir dairəsində saxlayıb, regionu “arxa bağçası”na çevirmişdi.

Rusiyanın idarəçilik qaydalarından biri də münaqişə ocaqları yaratmaq və onun vasitəsi ilə diktə etməkdir. Hələ 44 günlük müharibədən sonra yazırdım ki, Azərbaycanla Ermənistan arasında növbəti münaqişə ocağı Ermənistan ərazisində yaradıla bilər. Əslində, bunun cəhdi də olmuşdu. Sərhəd toqquşması zamanı Rusiya bunun olması üçün təzyiqlər etdi. Ancaq Azərbaycan Ermənistanın heç bir yaşayış məntəqələrinə daxil olmadı. Əgər hazırkı iddialar reallığı əks etdirəcəksə, o zaman yeni münaqişə ocağı Ermənistan ərazisində olacaq, istiqamətini tapmaq isə çox asandır. Toqquşma baş verəcəksə, ən qaranlıq məsələ İranın mövqeyinin necə olacağıdır. Çünki İran ilk gündən bu məsələni “qırmızı xətt”i hesab edir. İranın mövqeyi həm də ona görə maraqlıdır ki, “Bir kəmər, bir yol” layihəsi iki dəfə İranın sərhədindən keçəcək. Biri Xəzər dənizi, biri isə Araz çayının kənarı ilə. İrandan razılığın alınması burada çox önəmlidir.

Yaranmış vəziyyəti təhlil edərkən deyə bilərəm ki, növbəti ay Cənubi Qafqaz Ermənistan və Azərbaycan üçün çox hərəkətli keçəcək.

www.yenicag.az

82
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv