!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa "BÖYÜK QAYIDIŞ": Əhalinin məskunlaşdırılması necə həyata keçirilir? - TƏHLİL

!Reklam – Yazi

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizdə sabitlik və dayanıqlı inkişaf təmin edilib. Ən böyük uğurlarımızdan biri isə ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət edir. Sərhədlərimizin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” pilot layihəsinin icrasına başlanması dediklərimizin əyani sübutudur.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, qarşıdan gələn 2023-cü il ərzində daha çox insanımızın öz doğma yurdlarına qayıdışına şahidlik edəcəyik:

“Məlumdur ki, şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra azad olunmuş ərazilərin yenidən qurulması və bərpası Azərbaycan dövlətinin qarşısında duran ən vacib vəzifələrdən birinə çevrilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyinin göstəricisidir. Bərpa prosesinin səmərəli və mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlər görülür və görülməkdədir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait xərclənib. 2022-ci il üçün bu məqsədlə 2,7 milyard manata yaxın vəsait ayrılıb.

Dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa və yenidən qurma işləri həyata keçirilir. Yenicə təməli qoyulan Zəngilan Hava Limanı bu rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oraya qayıdacaq insanların rahat gediş-gəlişi üçün çox vacibdir. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması təqdirəlayiqdir. Strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun bərpası isə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirəcək. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir.

Xüsusilə qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri Azərbaycanın öz gücünə, öz vəsaiti hesabına aparılır.

19 iyul 2022-ci il tarixdən etibarən azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına “Böyük Qayıdış”ı başladı. İlk olaraq, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanması ilə “Böyük Qayıdış” prosesinə start verildi. Həmin gündən etibarən hər birimiz mərhələli şəkildə insanlarımızın öz doğma yurdlarına qayıdışına şahidlik edir və bunun sevincini yaşayırıq. Son olaraq isə sentyabrın 7-də və 9-da Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 125 nəfərdən ibarət daha 25 ailənin köçürülməsi baş tutdu.

Ümumiyyətlə 44 günlük Vətən savaşından sonra, yəni erməni vandalları tərəfindən tamamilə dağıdılmış, məhv edilmiş ərazilərimizin real vəziyyətini gördükdən sonra heç kim belə qısa vaxt ərzində bu həcmdə bərpa, quruculuq və yenidənqurma işlərinin həyata keçiriləcəyini gözləmirdi. Ərazilərin tamamının minalanmasını da nəzərə aldıqda bu prosesin uzun illər aparacağını və Qayıdış üçün də olduqca uzun dövr tələb olunacağını düşünürdük. Lakin görülmüş tədbirlər və aparılan işlər sübut etdi ki, dövlət özünün bütün resursları ilə bu prosesin sürətlənməsi üçün mümkün olan və olmayan hər şeyi edir”.

“Böyük Qayıdış” proqramının artıq icra olunmağa başladığını qeyd edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov vurğulayıb ki, artıq Zəngilanın Ağalı kəndinə ailələr köçürülüb və onların yaşayışı təmin olunub:

“Bu proqramın digər rayonlarda da həyata keçirilməsi ilə bağlı məsələlər gündəmdədir. Nəzərə almaq lazımdır ki, 30 il ərzində erməni terrorçu dəstələri Azərbaycanın Qarabağ bölgəsində daşı daş üstündə qoymayıblar. Ağdam, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərdə demək olar ki, yaşayış tamamilə məhv edilib. Bu ərazilərin qayıtması hələ iki il olmasa da, həmin ərazilərdəki mina təhlükəsinin aradan qaldırılmasına çalışır. Daha sonra həmin ərazilərdə infrastrukturun yenidən qurulması təmin olunacaq. Artıq özəl və dövlət rabitə şirkətləri həmin ərazilərdə öz fəaliyyətlərini qururlar.

Eyni zamanda su-kanal təsərrüfatı yenilənir, əkin işləri təmin olunur. Bu addımlar olduqca vacibdir. Bu proseslərlə yanaşı, ölkəmiz yeni şəhər layihələri həyata keçirməyə başlayıb. Bu layihələrin həyata keçirilməsi şəhər infrastrukturunun daha ağıllı formada qurulmasına şərait yaradacaq. Nəticə etibarilə, torpağın istifadəsinə qənaət olunacaq və təsərrüfat üçün əlavə torpaqlar yaranacaq. Bu, kənd, qəsəbə və şəhərlərin salınması prosesini daha rahat edəcək. Ümumilikdə bu proses plana uyğun aparılır və ölkə başçısının göstərişlərinə əsasən həyata keçirilir. Ölkə başçısının Qarabağ bölgəsinə sıx səfərləri bunun bariz nümunəsidir. Yaxın vaxtlarda Şuşa, Laçın və yaşayış olmuş digər ərazilərdə kommunal təsərrüfat qurulandan sonra əhalinin köçürülməsi prosesi davam edəcək”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

1116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv