“Qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə təhlükəlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri qarlı-buzlu yollarda təhlükəsizliklə bağlı vəziyyəti şərh edən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O, bildirib ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur:
“Ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, travma alan piyada hərəkət edənlərdir. Ona görə də piyada hərəkət edənlər bilməlidirlər ki, səkilər bəzən yolun hərəkət hissəsindən tez donur. Bu baxımdan buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız. Həmçinin bir çox küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiyatlı olun. Çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır. Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin. Çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın ki, yolun hərəkət hissəsində olmayasınız. Ən zəif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər. Altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın. Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın”.
Sürücülərə də yolda piyada görəndə ehtiyatlı davranmağı məsləhət görən ekspertə görə, sürücülər bu məsələdə tədbirli davranmalıdır:
“Çünki qarda-buzda piyada sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər.
Yol təsərrüfatı və kommunal xidmət əməkdaşları isə yolları qar-buzdan təmizləyərkən səkiləri unutmamalı, piyada keçidlərinə xüsusi diqqət yetirməlidirlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir”.
Gülşən Şərif
www.yenicag.az