Qars-İğdır-Dilucu LAYİHƏSİ: “Dəhlizin açılması artıq geriyə dönüşü olmayan reallıqdır”

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi dünya iqtisadiyyatında ən önəmli istiqamətlərdən biridir. Xüsusilə indiki dövrdə həm şimal istiqamətində Avropa ilə əlaqə yaradan, həm də cənub istiqamətinə uzanan dəhlizlərin mövcudluğu strateji əhəmiyyət daşıyır. Müqayisə etsək, təhlükəsiz dəhlizin açılması region ölkələrinə və bütövlükdə dünya iqtisadiyyatına ciddi səmərə verəcək. Hər gecikən gün isə həm region, həm də qlobal iqtisadiyyat üçün itki deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-1660289234_aydin

Millət vəkili sabah təməlqoyma mərasimi keçiriləcək olan Qars-İğdır-Dilucu dəmiryolu layihəsinin Zəngəzur dəhlizinin açılması istiqamətindəki böyük əhəmiyyətini şərh edib.

O, diqqətə çatdırıb ki, avqustun 8-də Vaşinqtonda baş tutan məlum görüşdən sonra bu məsələnin daha da aydınlaşacağına və reallaşacağına heç bir şübhə yox idi:

“Dəhlizin tam istifadəyə verilməsi böyük logistik və nəqliyyat imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bu çıxış, təbii ki, Türkiyə vasitəsilə Avropaya olmalıdır. Türkiyənin dəhlizin müasir şəkildə qurulmasına verdiyi dəstək, Azərbaycanın isə öz ərazisində bütün zəruri infrastrukturları yaratması bunu sübut edir. Hazırda yalnız 32 km-lik məsafə Ermənistan ərazisindən keçir və bu məsələnin də yaxın zamanda öz həllini tapacağı gözlənilir”.

Onun sözlərinə görə, bu məsələyə iki yanaşma mövcuddur:

“Azərbaycanın yanaşması qlobal iqtisadi maraqlara xidmət edir, Ermənistan üçün isə dəhlizin açılması iqtisadiyyatını və dövlətçiliyini ayaqda saxlamağın yeganə yoludur. Ermənistan yalnız Zəngəzur dəhlizinə dəstək verməklə öz gələcək iqtisadi modelini formalaşdıra bilər. Bütün bu maraqlar göstərir ki, dəhlizin açılması qaçılmazdır. Əlbəttə, müəyyən qısqanclıqlar da mövcuddur. Rusiyanın bu məsələyə dolayısı ilə maneə törətməyə çalışması, Azərbaycana qarşı qısqanclığı və Ukraynada SOCAR-a məxsus müəssisələrə təsirləri bunu sübut edir”.

“Cənub qonşumuz İran üçün də bu dəhliz əhəmiyyətlidir. Çünki sanksiyalar altında olan bir dövlət olaraq İran üçün dəhlizin açılması iqtisadi səmərə baxımından mühüm üstünlüklər yaradacaq. Zəngəzur dəhlizi regionun və dünya iqtisadiyyatının təhlükəsizliyi və inkişafı üçün mühüm töhfə verəcək. Eyni zamanda, bu, Azərbaycan xalqının istəklərinin, tarixi ədalətin bərpasının təcəssümüdür. Dəhlizin açılması artıq geriyə dönüşü olmayan reallıqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa