Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.
Yenicag.az xəbər verir ki, görüş zamanı səfir Prezident Kasım-Jomart Tokayev adından Səməd Seyidova Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə minnətdarlıq rəmzi kimi “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib.
Danışıqlar zamanı həmsöhbətlər parlamentlərarası əməkdaşlığın, beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, o cümlədən, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlaqədar cari ildə ikitərəfli səfərlərin və tədbirlərin hazırlığı və keçirilməsi məsələlərini müzakirə ediblər.
Qazaxıstan səfiri, həmçinin, Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri Adil Əliyevlə görüş keçirib.
Görüş zamanı səfir Adil Əliyevə Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə minnətdarlıq rəmzi kimi “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib. Diplomat eyni zamanda iki xalq arasında dostluğun və qarşılıqlı anlayışın inkişafı məqsədilə Qazaxıstan Xalq Assambleyasının (QXA) Dostluq Elçisi sənədini deputata təqdim edib. Danışıqlar zamanı həmsöhbətlər parlamentlərarası əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi, o cümlədən, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlaqədar cari ildə ikitərəfli səfərlərin və tədbirlərin hazırlığını və keçirilməsi məsələlərini müzakirə ediblər.
QXA Dostluq Elçisi müxtəlif xalqları birləşdirən xalq diplomatiyasının institutudur. Bu yüksək və fəxri ad xalqlar arasında dostluğun möhkəmləndirilməsinə böyük töhfə verən nüfuzlu ictimai və dövlət xadimlərinə təqdim edilir.
www.yenicag.az