Gözəllik salonunda itirilmiş analıq… - Bakıda insanlığı sarsıdan hadisə

media-hightechnic-468x90

Bakıda baş verən bu hadisə sadəcə bir ailə dramı deyil, bu, cəmiyyətin vicdanına dəyən ağır bir zərbədir. Məlumata görə, bir qadın iki azyaşlı övladını gözəllik salonunda qoyaraq oranı tərk edib. Hadisə ilə bağlı Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında məlumat yayılıb. 

Bildirilib ki, uşaqlar əvvəlcə ataları tərəfindən nənə və babanın yanına aparılıb. Yaşlı valideynlər bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan alaraq bu dəfə onları gözəllik salonlarından birində qoyub gedib. Dövlət qurumları vəziyyətə dərhal müdaxilə edərək uşaqları sığınacağa yerləşdirib. Ürəkdağlayan məqam isə odur ki, uşaqlardan birinin ürəyində problem olduğu bildirilib.

Bundan sonrası üçün söz tapmaq çətinləşir. İnsanlıq bu həddəmi gəlib çatdı? Ana adlanan varlıq iki körpəni, biri xəstə olan övladını necə rahatlıqla tərk edə bilər? Bir salonun qapısını örtüb çıxmaq bu qədər asandırmı? O uşaqlar orada ananı gözləyə-gözləyə hansı qorxuları yaşadılar, hansı sualları verdilər, bunu düşünən varmı? “Ana haradadır?” sualına cavab tapa bilməyən uşağın içində yaranan boşluğu hansı sığınacaq doldura bilər?

Ana olmaq təkcə doğmaq deyil. Ana olmaq qaçmamaqdır. Ana olmaq məsuliyyətdir, ağrını uşağın yerinə çəkməkdir, gecəni gündüzə qatmaqdır. Heç kim heç kəsi zorla ana etmir. Amma ana olmağı seçmisənsə, artıq o uşağın taleyi sənin əlindədir. Onu yarı yolda qoymaq, yad bir məkanda tərk etmək analıq deyil, bu, vicdanın iflasıdır.

Ən acı həqiqət isə budur ki, bu hadisə ilk deyil. Dünən körpəsini zibil qabına atan ana xəbəri oxuduq. Ondan əvvəl yeni doğulmuş uşağını xəstəxanada qoyub qaçan qadınları gördük. Sevgilisi istəmədiyi üçün övladını yetimxanaya verən analar tanıdıq. Sosial şəbəkədə “xoşbəxtlik” paylaşıb, evdə uşağını ac və tənha buraxanlar da az olmadı. Bunlar artıq təsadüf deyil, bu, qorxulu bir laqeydlik dalğasıdır.

Bu uşaqlar valideynlərini seçməyiblər. Onlar bu dünyaya gəlməyi xahiş etməyiblər. Xüsusilə ürəyi xəstə olan bir uşaq üçün ana qucağı bəzən dərmandan da güclüdür. Amma o qucaq yoxdur. O qucaq bir salonun soyuq küncündə itib. Bu uşaqlar böyüyəcək və bir gün soruşacaqlar: “Ana, bizi niyə atdın?” Bu suala veriləcək heç bir cavab yoxdur.

Əgər bir insan ana olmağa hazır deyilsə, əgər bu yükü daşıya bilmirsə, qoy o yolu seçməsin. Çünki uşaq oyuncağı deyil. Uşaq məsuliyyətdir, tale və ömürdür. Uşağı yarıda qoyub getmək təkcə analığa yox, insanlığa atılan ən ağır sillədir. Bu hadisə bizi silkələmirsə, deməli problem tək bir anada deyil, hamımızdadır.

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa