Türkiyədə təhsil imkanı: Dövlət təqaüdünə qeydiyyat davam edir
Dünyanın ən geniş təqaüd proqramlaırndan olan “Türkiye Bursları” proqramına qeydiyyat prosesi davam edir.
Yenicag.az xəbər verir ki, 2026-cı il üzrə “Türkiye Bursları”na müraciətlər tək mərhələdə qəbul ediləcək.
Müraciətlər 10 yanvar – 20 fevral 2026-cı il tarixləri arasında bütün ölkələrdən olan tələbələr üçün açıq olacaq.
Müraciətlər subbakalavr, bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlər üçün nəzərdə tutulub.
Türkiyənin beynəlxalq ali təhsil üzrə təqaüd brendi olan “Türkiye Bursları” tələbə mobilliyində mövqeyini ildən-ilə daha da gücləndirir.
Belə ki, 2025-ci ildə 171 ölkədən125.668 müraciət daxil olub və bu, Türkiyənin beynəlxalq tələbə axınındakı yerini müəyəynləşdirən mühüm göstəricidir.
“Türkiye Bursları” yüksək səviyyəli təhsil, zəngin bilik və təcrübə imkanları təqdim etməklə yanaşı, dünyanın hər yerindən olan beynəlxalq tələbələrə ölkənin ən nüfuzlu universitetlərində tam təqaüdlü təhsil imkanı yaradır. Proqram çərçivəsində universitet və ixtisas üzrə yerləşdirmə, aylıq təqaüd, universitet təhsil haqqı, tibbi sığorta, yataqxana və yaşayış, pulsuz peşə və akademik proqramlar, həmçinin gediş-dönüş aviabilet təmin edilir. Bu xüsusiyyətləri ilə “Türkiye Bursları” dünyanın ən əhatəli burs proqramlarından biri hesab olunur.
“Türkiye Bursları”na müraciət üçün turkiyeburslari.gov.tr ünvanını ziyarət edə bilərsiniz.












