!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda "TAXT SAVAŞLARI": Tokayev-Nazarbayev toqquşması rus publisistin gözü ilə

!Reklam – Yazi

Xəzərin şərqində – Qazaxıstanda baş verən həyəcanlı hadisələri Xəzərin qərb sahilindən – Azərbaycandan şərh edərkən bəzi incə detalları bilməmək mümkündür, amma məhz bu detalları bilmək hadisələrin yaranmasının səbəbləri, inkişafı və perspektivi haqqında daha aydın təsəvvür yaradır. 7 yanvarda “Exo Moskvı” nəşrində tarix elmləri doktoru, politoloq Andrey Zubovun Qazaxıstan hadisələri haqqında məqaləsi belə detallarla zəngindir və səhnə arxasında baş verənlərin mahiyyətinə işıq tutur. Klanlararası siyasi mübarizə bizim cəmiyyətə də yad deyil və bəzən həlledici situasiyalarda əsas şərt kimi vacib rol oynadığının şahidi olmuşuq. Bu mənada, məqalənin maraqla qarşılanacağını nəzərə alıb diqqətinizə çatdırırıq.

“Bir gün sonra Qazaxıstanda vəziyyət bir qədər aydınlaşmağa başladı və hadisələrin ardıcıllığını indi aşağıdakı kimi bərpa etmək olar.
2011-ci ilin dekabrında Manqışlak yarımadasında neft və qaz yataqlarının və uran mədənlərinin işçiləri arasında yenidən iğtişaşlar başladı. Onların ağır və zərərli əməyi cüzi şəkildə ödənilir, amma Böyük Törənin Uysun Birliyinin Şapıraştı qəbiləsindən olan qazax elitası yağ içində yaşayır. Xatırlatmaq yerinə düşər ki, qoca Nazarbayev və onun bütün qohumları, o cümlədən nüfuzlu bacısı oğulları – general Samat Abiş Satibaldı – MTK (Qazaxıstan xüsusi xidmət orqanı) rəhbərinin birinci müavini və dollar milyarderi Kayrat Satıbaldı da bu klana mənsubdurlar.

2019-cu ildən Qazaxıstanın yeni prezidenti olan Qasım Cömərd Tokayev də Böyük Törədəndir, lakin başqa qəbilədən olan Jalayır (Kuşik nəsli) tayfasındandır. Qazax klan sistemində o, zənginlərin işə götürdüyü “kasıb” uzaq qohumdur. Deməli, o mənim yaşıdımdır, birlikdə oxuduğumuz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Amma marşal olmağı arzu etməyən əsgər pis əsgərdir. Tokayevin də belə bir arzuda olduğu aydındır. Amma bütün güc strukturlarına qoca Elbaşı öz klanı vasitəsilə nəzarət edirdi. Qasım Cömərd isə gülür və gözləyirdi.

İndi kartlar düzülüb. Novı Uzendə (Janaozen) iğtişaşlar başladı və tezliklə, demək olar ki, bütün Qazaxıstana yayıldı. Yalnız rusdilli ucqarlar – Petropavlovsk, Ust-Kamenoqorsk sakit qaldı. Ruslar Qazaxıstanda özlərini ikinci dərəcəli insanlar kimi hiss etməyə çoxdan öyrəşiblər. Kimin xoşuna gəlmədi – getdi. Xoşbəxtlikdən, böyük Rusiya lap yanındadır və altı min mil ümumi sərhədi var.

Qazaxlar nə tələb etdiklərini gözəl başa düşdülər – onlar Şapıraştı klan hakimiyyətinin ləğvini və ölkənin ictimai və maliyyə həyatında bütün törələrin və klanların bərabər şəkildə iştirakını istəyirdilər. Bu istəyi qərbləşmiş ziyalılar və texnokratlar, quyularda və mədənlərdə işləyən sadə işçilər bölüşürdü. Şapıraştı üzvlərindən başqa heç birinə klan dövləti lazım deyildi. Bəziləri Avropaya öyrəşərək onu aşdı, bəzilərinə isə kiçik karyeralarını qurmağa mane oldu.

Bundan da “kasıb qohum” Tokayev istifadə etdi. Qazaxlar yaxşı xatırlayırdılar ki, 2011-ci ilin dekabrında Nazarbayev və onun qohumları Aktau və Janaozendə fəhlələrin etiraz aksiyasını güllələmişdilər. Yəqin, yüzlərlə insan öldü. Və o, güc tətbiq etməmək, əksinə, etirazçıları sakitləşdirmək və bununla da onları daha radikal siyasi tələblərə sövq etmək qərarına gəldi. Təhlükəsizlik işçilərinə silahdan istifadə etməmək əmri verildi. Qazın qiyməti dərhal əvvəlki səviyyəsinə qaytarıldı. Və sözün əsl mənasında, bir neçə saat ərzində Tokayev islahatların davam etdiriləcəyinə söz verdi, Nazirlər Şurasını buraxdı və yeni, demokratik seçkilər hazırlayacağını bildirdi. Elbaşının özü və qohumları – güc strukturları hakimiyyətdən uzaqlaşdırıldı. Çevriliş zərif şəkildə baş verdi.

Unutmaq olmaz ki, Qazaxıstan Qərb sərmayələri ilə yaşayır. Əsas pul Hollandiya, Böyük Britaniya, ABŞ, Almaniyadan gəlir. Çindən çox az, Rusiyadan isə çox azdır (2,5%). Nazarbayev bir vaxtlar Mərkəzi Asiyalı Li Kuan Yu (Sinqapur Respublikasının ilk Baş naziri) olmaq arzusunda idi, lakin bolşevik keçmişi ona ölümcül şəkildə mane oldu – o, sovet funksioneri olaraq qaldı və Sinqapurda səfir işləyən Tokayev öz xalqını hazırlayan bu maarifçi despot obrazını çox yaxşı bilirdi.

Və demokratiyaya doğru bütün reveranslar da buradan başlayır. Tokayev Putin Rusiyası ilə münasibətləri korlamadan Qazaxıstanın Qərbə istiqamətini gücləndirmək və onun üçün ən vacib olanı Sinqapurlu Linin bir vaxtlar etdiyi kimi Şapıraştı klanının hər şeyə qadirliyindən xilas olmaq, özü də millətin atası olmaq istəyirdi.

Dinc etirazlar, demokratiya tələbləri və Nazarbayev klanına nifrət on minlərlə insanı küçələrə çıxarsa da, hakim klanın liderləri də mürgüləmirdi. Müdrik və qəddar Elbaşı dərhal başa düşdü ki, Tokayev itaətdən çıxıb. Amma 81 yaşlı xəstə qoca nə edə bilərdi?
Ancaq qardaşı oğulları çox şey edə bilərdilər. Qoca əmi onlara ancaq mane olurdu. Sovet keçmişi onları qətiyyən narahat etmirdi və SSRİ-yə ikrah və nifrətlə yanaşırdılar. Nursultan 30 illik hakimiyyəti dövründə qazaxların Rusiya imperiyasındakı tarixini açıq şəkildə tanıması və ona nifrət etməsi üçün hər şeyi etdi. Hər bir qazax məktəblisi 1916-cı ildə xalqının azadlıq hərəkatının imperiya hakimiyyəti tərəfindən necə vəhşicəsinə yatırıldığını bilir. O hər şeyi bilmir, lakin Semirechye kazaklarına və onların arxasında duran çar bürokratiyasına nifrət etmək üçün lazım olan qədər dəqiq bilir.

Respublikanın etnik tərkibini dəyişdirən milyonlarla xüsusi köçkünün Qazaxıstana məcburi köçürülməsi, 1930-cu illərin terroruna, 1950-ci illərin nüvə və raket poliqonlarına qarşı repressiyalara görə Rusiya hakimiyyəti bağışlanmır. Ümumiyyətlə, Qazaxıstanda uzun müddət şanlı sovet keçmişi ilə bağlı heç bir illüziya yoxdur və yeri gəlmişkən, çoxdandır ki, SSRİ rəhbərlərinin abidələri də yoxdur.

Şapıraştı qəbiləsinin gənc nəsli SSRİ-nin ilğımlarına deyil, eyni inanclı İslam dünyasına baxır. Nursultanın bacısı oğulları da daxil olmaqla bir çoxları İslam radikalizminə həvəslidirlər. Onlar 2021-ci ilin avqustunda Əfqanıstanda “Taliban”ın qələbəsindən ilhamlanıblar. Eyni inanclı cənub onlara hər şeyi – Pakistanın nüvə çətirindən tutmuş səudiyyəlilərin qızıl yağışına qədər vəd edirsə, şimal qonşuları onların nəyinə lazımdır?

Və Tokayev Qərbə və demokratiyaya etibar edirdisə, Satibaldı qardaşları – radikal İslam dünyasına inanırdı. Və çoxları onların ardınca gedir, xüsusən də Böyük Törədən. Xəritəyə baxın – Böyük Törə Qazaxıstanın yalnız cənub-şərqindədir – Almatı, Taraz, Çimkənd. Uysun birliyinin əsas dayağı buradadır və bunlar respublikanın çox islamlaşmış bölgələridir.

Tokayev tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqlarını görən Nazarbayevin bacısı oğulları cənubun sadə savadsız adamlarını, Karatau dağətəyi aullarının və Çarın vadisinin dünənki sakinlərini sürətlə səfərbər etdilər. Düşünürəm ki, onlar ölkənin güc strukturlarında və xüsusən də cənub bölgələrində bütün mühüm vəzifələrə həmfikir radikal islamçıları qoyaraq uzun müddətdir ki, belə bir cavaba hazırlaşırlar. İdeyalar insanları klanlardan daha güclü birləşdirir.

Və buna görə də, artıq onun çıxarılmasını tələb edən dinc etirazın miqyasından qorxduqda Tokayev öz qoşunlarını çağırmaq qərarına gəldi – qoşunlar çıxmadı. General Samat Abış isə başqa əmr verdi. Güc strukturları tərəfindən tərk edilmiş iki milyonluq Almatıya aullardan olan mambetlər ( Məhəmməd adının qısaldılmış forması-“mamaed”), həm “Taliban”a, həm də Qazaxıstan elitasındakı parlaq tərəfdarlarına yekdil və sadiq olan insanlar tökülməyə başladı. Sonra da Almatı şəhər administrasiyasının binasına molotov kokteyli atdılar. MTK-nın özü isə onlara tez silahlanmağa icazə və texnika verib.

Tokayev bütün təhlükəsizlik qüvvələrinin ya gizləndiyini, ya da ona qarşı olduğunu anlayanda Putini sevindirərək yeni Li Kuan Yu olmaq kimi hiyləgər planlarını bir kənara atıb Kremlə baş əyməyə getdi. Kreml isə bu baş əyməyə qoşun yeritməklə cavab verdi. İndi qazaxlara atəşi ruslar açacaq. Bu isə hamını – maariflənmiş qərbliləri, mədəni qazax vətənpərvərlərini və ən qaranlıq İslam fundamentalistlərini qəzəbləndirəcək.

İndi fundamentalistlərin geri çəkilməyə yeri yoxdur və Alatau dağlarında partizan müharibəsi başlayacaq ki, bu da Qazaxıstanın, demək olar ki, bütün əhalisinin, bütün Orta Asiyanın rəğbətini qazanacaq. Çünki hamı bu müharibəni vətəndaş müharibəsi deyil (bu hələ bəlanın yarısıdır), müstəmləkəçilik və daha da pisi, dinlərarası müharibə hesab edəcək.

Taktiki baxımdan Rusiya üçün bu vəziyyətdən çıxış yolu yaxşı görünmür. NATO-ya qarşı mübarizəsi, Stalini öpməsi, Çin, İran və hətta “Taliban”la dostluğu ilə Kreml hamımızı – həm qazaxları, həm də rusları dalana dirəyib.

Tərcümə və ön söz: İlham İsmayılındır

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv