Qəbələdə meşə yanğını davam edir: Daha 1 helikopter cəlb edildi – VİDEO

11 avqust 2021-ci il tarixində Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb və dərhal yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə start verilib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və qısa müddətdə söndürülməsi məqsədilə aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.

Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.