İstixana təsərrüfatları ciddi problem qarşısında: "Bunlar istehsala birbaşa mənfi təsir göstərir" - VİDEO
“Son illər ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən istixana təsərrüfatları ciddi problemlərlə üz-üzə qalıb. Artan xərclər, keyfiyyətli resurslara çıxışın çətinləşməsi və infrastrukturla bağlı çatışmazlıqlar bu sahədə geriləməyə səbəb olub. Nəticədə bir vaxtlar aktiv olan bir çox istixana fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb”.
Bunu Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
O, istixana sahibkarlarının qarşılaşdığı əsas problemlərin uzun müddətdir, həllini tapmamasından danışıb:
“Sahibkarlar keyfiyyətli gübrə və pestisid çatışmazlığından əziyyət çəkirlər. Regionlarla mütəmadi əlaqə saxlanılır və bu şikayətlər dəfələrlə gündəmə gətirilir”.
Ekspert əlavə edib ki, yüksək təbii qaz qiymətləri istixana təsərrüfatlarının xərclərini əhəmiyyətli dərəcədə artırır:
“Bununla yanaşı, elektrik enerjisinin dayanıqlı olmaması da ciddi problemlər yaradır. Məsələn, Şəmkir rayonunun Düyərli kəndində, demək olar, hər həftə elektrik enerjisinin verilməsində fasilələr yaranır və bu, istehsala birbaşa mənfi təsir göstərir”.
Onun sözlərinə görə, son dövrlərdə gübrə qiymətlərində kəskin artım müşahidə olunur.
“Bəzi gübrələrin qiyməti iki, bəzilərinin isə üç dəfəyə qədər yüksəlib. Bu isə istixana sahiblərinin xərclərini öncədən hesablamasını çətinləşdirir. Onlar məhsulun maya dəyərini əvvəlcədən dəqiq müəyyən edə bilmədikləri üçün istehsalın rentabelli olub-olmadığını hesablamaq imkanından məhrum olurlar”.
Ətraflı videomaterialda:
Samir Məcid












