Qəbələdə Türk dünyasının gələcək yol xəritəsi müəyyənləşdir - DEPUTAT
“Türk birliyi artıq regional çərçivəni aşaraq qlobal siyasətdə real güc faktoruna çevrilməkdədir və bu prosesdə Azərbaycan mərkəzdə dayanır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O, Qəbələdə keçiriləcən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının əhəmiyyətindən danışaraq bildirib ki, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü həm rəmzi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Bu toplantı təkcə Türk dünyasının birgə maraqlarının müzakirə olunduğu diplomatik platforma deyil, həm də yeni dünya nizamında Türk dövlətlərinin artan rolunun nümayişidir. Müasir beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatı getdikcə daha çox funksional məzmun qazanır. Əvvəllər mədəni və tarixi əlaqələr üzərində qurulmuş əməkdaşlıq bu gün artıq real iqtisadi, siyasi və təhlükəsizlik formatına çevrilib. Qəbələ Zirvəsi məhz bu keçidin növbəti mərhələsini təmsil edir. Artıq Türk dünyası bir ideya və dəyərlər birliyi olmaqdan çıxaraq qlobal güc mərkəzlərindən birinə çevrilmək yolundadır. Bu prosesdə Azərbaycan mühüm lokomotiv rolunu oynayır. Prezident İlham Əliyevin uzun illər ərzində ardıcıl şəkildə həyata keçirdiyi və özünü dövlətimizin başçısının “Bizim ailəmiz Türk Dünyasıdır” sözləri ilə ifadə edən Türk birliyi siyasəti, enerji, nəqliyyat, kommunikasiya və təhlükəsizlik sahələrində inteqrasiyanı dərinləşdirmək istiqamətində atdığı addımlar bu gün öz bəhrəsini verir.
Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsi, Böyük Qayıdış proqramının uğurla icra olunması fonunda Qəbələ Zirvəsi həm də Azərbaycanın yeni mərhələdəki mövqeyinin təsdiqi kimi dəyərləndirilə bilər. Artıq Azərbaycan təkcə regionda sabitlik və təhlükəsizlik faktoruna çevrilməyib, eyni zamanda Türk dünyasının strateji dayaqlarından biridir. Bu, həm coğrafi yerləşmədən, həm iqtisadi potensialdan, həm də müstəqil və çoxvektorlu xarici siyasət kursundan qaynaqlanır”.
Deputat qeyd edib ki, Zirvə görüşü beynəlxalq sistemdəki mürəkkəb proseslər fonunda baş tutur:
“Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın dərinləşməsi, Yaxın Şərqdə davam edən münaqişələr, Çin və ABŞ arasında artan iqtisadi rəqabət, mərkəzi Avrasiya məkanında yeni təsir zonaları uğrunda mübarizə şəraitində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birliyi və koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu şəraitdə TDT üzvü olan ölkələr əməkdaşlığa əsaslanan, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipinə söykənən bir model təqdim edir. Qəbələ Zirvəsində bu modelin praktiki məzmununu daha da dərinləşdirəcək iqtisadi inteqrasiya, təhlükəsizlik, kibertəhlükəsizlik, rəqəmsal transformasiya və enerji təhlükəsizliyi sahələrində konkret qərarların qəbul olunması gözlənilir.
Qəbələdə keçiriləcək Zirvə görüşü həm də Türk dövlətləri arasında siyasi həmrəyliyin rəmzidir. Bu həmrəylik mədəniyyət və dil birliyindən qaynaqlansa da, bu gün artıq ortaq iqtisadi maraqlar və təhlükəsizlik zərurəti ilə daha da möhkəmlənir. Azərbaycan bu mənada Türk dünyasının strateji əlaqələndirici halqasıdır. Zəngəzur dəhlizinin reallaşması perspektivi, Transxəzər enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə təşəbbüslər Türk birliyini siyasi ideya səviyyəsindən çıxararaq praktiki əməkdaşlıq modelinə, real güc mərkəzinə çevirir”.
O vurğulayıb ki, Qəbələ Zirvəsi həm də Türk dünyasının gələcək yol xəritəsinin müəyyənləşdiriləcəyi platformadır:
“Burada qəbul ediləcək qərarlar Türk Dövlətləri Təşkilatının fəaliyyətinin institusional olaraq gücləndirilməsinə, yeni iqtisadi mexanizmlərin formalaşmasına və qlobal arenada Türk Dünyasının səsinin daha aydın eşidilməsinə xidmət edəcək. Əslində bu Zirvə həm də Türk dünyasının XXI əsrdə birgə mövcudluq və inkişaf konsepsiyasının siyasi yol xəritəsidir.
Bütün bu reallıqlar fonunda Azərbaycan bu Zirvəyə ev sahibliyi etməklə yalnız təşkilatın üzvü kimi deyil, onun gələcək istiqamətinin formalaşmasında əsas söz sahibi olan dövlət kimi çıxış edir. Qəbələ bu mənada həm tarixin səsi, həm də gələcəyə baxışdır. Zirvənin nəticələri göstərir ki, Türk birliyi artıq regional çərçivəni aşaraq qlobal siyasətdə real güc faktoruna çevrilməkdədir və bu prosesdə Azərbaycan mərkəzdə dayanır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli