Qəbiristanlığı parka çevirdilər – Saatlıda – VİDEO

Saatlı rayonu Hacıqasımlı kənd sakini Vaqif Həsənov 10 ildən artıqdır ki, kənd qəbiristanlığına qulluq edir. Gününün böyük hissəsini bu məkanda keçirən Vaqif dayının əməyi sayəsində 6 hektar ərazisi olan qəbiristanlıq sanki yaşıllıqlarla əhatələnən parkı xatırladır.

Vaqif Həsənov – Sakin: “Səhər-səhər şəxsən 5 tamamdan bura gəlmişəm. Hər səhər də gəlirəm”.

Hacıqasımlı kəndinin sakinləri deyir ki, əvvəllər qəbiristanlıq bərbad vəziyyətdə olub. Hər tərəfi kol-kos, digər yabanı bitkilərlə əhatələnən bu əraziyə vəhşi heyvanların, əqrəblərin və zəhərli sürünənlərin əlindən girmək mümkün olmayıb. Onların bir neçə il ərzində həll edə bilmədikləri bu problemi Vaqif Həsənov qısa müddətdə aradan qaldırmağı bacarıb. O, hətta qazılan məzarlardan su çıxma məsələsinin də həllinə nail olub.

200 ildən çox yaşı olan bu qəbiristanlıqda 4 mindən artıq müxtəlif növ ağac və gül kolları əkən Vaqif Həsənov təmənnasız gördüyü bu işləri özünə mənəvi borc hesab edir.

Vaqif Həsənov – Sakin: “Burada çalışmağım böyük bir savabdır. Atam üçün, axirətim üçün, ruhum üçün. Mən də sabah dünyamı dəyişəcəm. Ayağım nə qədər yer tutur buradan mən əl çəkməyəcəm”.

Vaqif Həsənovun yeganə istəyi qəbiristanlıqda gördüyü işlərin ondan sonra da davam etdirilməsidir.

Yenicag.az

COP29