Qərbin sanksiya PARADOKSU: “Rusiya ilə savaşmağı yox, qaz almağı üstün tuturlar”
“Polşanın hava məkanı Ukraynadan da zəif qorunur”.
Bu fikri Rusiya NATO gərginliyi, bunun müharibəyə çevrilmə ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, NATO Rusiya müharibəsi fəlakətə gətirib çıxarar:
“Bu gün Polşa ərazisində dron aşkarlanıb, ancaq təsdiqlənməyib ki, bu dron Rusiyanındır, yoxsa başqa bir ölkənin… Polşa müraciət etdi ki, NATO qoşunları Polşa ərazisinə daxil olsun. Polşa ərazisində təsdiqlənmiş Rusiya dronları aşkar edildikdən sonra NATO 5-ci maddəni yox, 4-cü maddəni əsas götürdü. 5-ci bənd əsas götürüləndə, bütün NATO dövlətləri müharibəyə qoşulur, 4-cü bənd isə müzakirələrdir”.
Onun sözlərinə görə, baş verən proseslər təhlükəlidir:
“Rusiya NATO ölkəsi olan Polşa ərazisində test apardı. Dronları Polşaya buraxmaqla Rusiya gördü ki, Polşanın hava məkanı Ukraynadan da zəif qorunur. Rusiya ilə Belarus da hərbi təlimlər keçirir. NATO da Polşa ərazisində təlimlər keçirməyi düşünür. Bu prosesin ciddi müharibəyə keçəcəyini düşünmürəm. Çünki bu Dünya müharibəsidir, bu artıq nüvə müharibəsi deməkdir və bu bəşəriyyət üçün ağır zərbə olar. Rusiya NATO dövlətlərinə bir daha hücum edərsə, ağır sanksiyalar tətbiq edilər. Qərb sanksiya tətbiq edir, ancaq 20 milyardlıq Rusiyadan qaz alır. Qərbin müharibəyə gedəcəyi inandırıcı deyil. Yalnız sanksiyalarla kifayətlənəcəklər”.
Səxavət Məmməd