!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qətibə İnanc” - Kimə inanaq?

!Reklam – Yazi

21 apreldə Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında eyniadlı tamaşa səhnələşdiriləcəkdi və mən də bilet almaq üçün “HƏMİN GÜN” Teatrın kassasına yaxınlaşdım. Kassadan mənə həmişəki ağılsızlığımın üstümdə olduğunu xatırlatdılar. Yenə də vaxtı qarışdırmış və ayın 19-nu 21-i zənn etmişdim. Neyləmək olardı? Kassadan məhz 19-na hansı tamaşanın olduğunu soruşdum və onlar mənə Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının motivləri əsasında səhnələşdirilən “Qətibə İnanc” tamaşasının saat 19:00-da oynanılacağını bildirdilər.

Bir az duruxdum. “Qətibə İnanc”… Fikirləşdim. Tamaşanın premyerasından sonra onun haqqında çox ciddi tənqidi mətn oxumuşdum və həmin tənqid məni bu tamaşadan uzaq salmışdı. Ancaq bütün mənfi rəyləri bir kənara qoyaraq tamaşaya bilet aldım. 2017-ci ilin dekabr ayında premyerası baş tutan tamaşaya bir tənqid və ya “tənqid” ucbatından iki il gecikdim. Təəssüf edirəm.

Tamaşa bitdikdən sonra “Nə yaxşı ki,- dedim,- nə yaxşı ki, gəldim və izlədim”.

Tamaşanın girişi çox iddialı idi və elə bu giriş məni yerimə pərçimlədi. Səhnənin əvvəlində tamaşaçıların bütün obrazlarla tanış edilməsi çox yaxşı düşünülmüş və izləyicilərə güclü təsir bağışlayan detal idi.

Qətibə İnanc isə elə Qətibə İnanc idi. Bəsti Cəfərovanın canlandırdığı bu obraz canlandırma deyildi, elə onun, Qətibə İnancın özü idi. Tamaşanın ən təsirli səhnələri də, heç şübhəsiz, bu obrazın öz cavanlığı ilə söhbətləşdiyi səhnələr idi.

Tanmaşanı rahat izlədim deyə bilməyəcəm. Çünki onun haqqında səsləndirilmiş fikirlər məni tikan üstündə saxlayırdı və hər an bir yanlışlığın ola biləcəyini düşünürdüm. Ancaq hər şey çox yaxşı oldu və tamaşanı maraqla, zövqlə, intizarla və daha neçə belə hisslərlə izlədim.

Bütün insani keyfiyyətlərin cərəyan etdiyi səhnənin tempini tutmaq çətin idi. Bir hissdə ilişib qalan izləyici ayıldıqda tamam başqa bir hissə köklənirdi və beləcə tamaşanın finalında duyğu seli yaşamamaq mümkünsüz idi.

İlk sevgi unudulmur – o zaman unudulmur ki, sevgin nifrətə çevrilir və o nifrətlə sevgi arasındakı mübarizədə bu iki hissin heç biri qalib gəlmir. Uduzan isə sən olursan, ey ilk sevgisini unutmayan! – Nə demək istəyirəm? Gedin izləyin tamaşanı, görəcəksiniz!

Heç nə qüsursuz deyil! Bu tamaşa da, əlbəttə, qüsurlardan kənar deyildi. “Qətibə İnanc”ın qüsuru onun izləyicilərində idi. Alqışlamaqdan çəkinən, telefonlarını səssizə almayan, tamaşanı izləyərkən digərlərinə və səhnədəkilərə mane olmamaq lazım olduğunu bilməyən izləyicilərdə… Buradan belə bir qənaətə gəldim ki, “Sənət hamı üçündür!” cümləsini devizə çevirənlər yanılırlar. Sənət hamı üçün deyil. Sənət sənətsevərlər üçündür!

“Qətibə İnanc” – Kimə inanaq? – Özünüzə inanın. Kiminsə rəyinə görə istəyinizdən əl çəkməyin və mütləq etmək istədiyinizi edin, izləmək istədiyiniz filmi izləyin, getmək istədiyiniz tamaşaya gedin, bütün mənfi rəylərə baxmayaraq,oxumaq istədiyiniz kitabı oxuyun… Çünki istəyirsiniz…

Aqil Bəkir

www.yenicag.az

2749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv