Qəzzada aclıq və ÖLÜM: ABŞ-nin “narahatlığı” İsrailin qanlı siyasətini ört-basdır EDƏ BİLƏRMİ?
“Bu bəyanat İsrailin baş naziri Benjamin Netanyahu ilə ABŞ arasında gərginliyin yeni göstəricisi kimi dəyərləndirilir”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri ilə bağlı prosesləri təhlil edən beynəlxalq münasibətlər üzrə ekspert Ceysn Börq yazıb.
O, yazdığı məqalədə bildirib ki, Tramp Körfəz ölkələrinə səfərinin son dayanacağı olan Əbu-Dabidə çıxış edərkən Qəzzada aclıqdan əziyyət çəkən insanlarla bağlı narahatlığını ifadə edib:
“Jurnalistlərə verdiyi açıqlamada Qəzzadakı vəziyyətin ABŞ tərəfindən diqqətlə izləniləcəyini, aclığın qarşısının alınması üçün addımlar atılacağını vurğulayıb. Trampın bu mövqeyi İsrailin bölgəyə tətbiq etdiyi blokada və intensiv hava hücumları fonunda verilib. Onun bu bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ arasında gərginliyin yeni göstəricisi kimi dəyərləndirilir”.
Onun sözlərinə görə, son günlərdə İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hava hücumları nəticəsində mülki itkilər kəskin şəkildə artıb:
“Səhiyyə rəsmiləri yalnız son 72 saat ərzində 250-yə yaxın insanın öldüyünü bildirib. Hava zərbələri xüsusilə Xan Yunis və Deyr əl-Bələh bölgələrinə yönəlib. Ölənlər arasında çoxlu sayda qadın və uşaq da var. Gecə saatlarında Qəzzada baş verən bombardmanlar nəticəsində çox sayda insan həyatını itirib, onlarla yaralı xəstəxanalara çatdırılıb. Qəzzada mülki əhali arasında böyük miqyasda köç dalğası müşahidə olunur və bu, bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırır”.
Analitik əlavə edib ki, İsrail tərəfi humanitar yardımın paylanması üçün Qəzzada xüsusi mərkəzlərin qurulmasını təklif etsə də, beynəlxalq yardım agentlikləri bu planın qeyri-qanuni və təhlükəli olduğunu bildirirlər:
“ABŞ hökuməti isə bu təşəbbüsü dəstəkləsə də, alternativ yolların müzakirəyə açıq olduğunu bəyan edib. Qəzza Humanitar Fondu yaxın günlərdə fəaliyyətə başlayacağını və İsraildən blokadanı qaldırmağı xahiş etdiyini açıqlayıb. Yardım agentlikləri təcili müdaxilə olunmazsa, xüsusilə uşaqlar arasında geniş miqyaslı aclıq və qida çatışmazlığı hallarının artacağından xəbərdarlıq edirlər. Eyni zamanda, HƏMAS-ın hələ də girov saxlaması və İsrailin cavab tədbirləri fonunda bölgədə gərginliyin azalma ehtimalı hazırda çox zəif görünür”.
Nəsimi Ələsgərli