Qəzzadakı SON TƏXLİYƏ – Netanyahunun gizli planı NƏDİR?
“7 oktyabrda HƏMAS-ın hücumu ilə başlayan proses 8 oktyabrdan etibarən İsrail ordusu tərəfindən tədricən kütləvi qırğına çevrildi. Bu gün isə təəssüf ki, aclıq vasitəsilə təslim etdirilməyə çalışılan bir Qəzza xalqı var”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
O, İsrail Təhlükəsizlik Kabinetinin Baş nazir Benyamin Netanyahunun Qəzzaya tam nəzarət planını təsdiqləməsi ilə bağlı yayılan informasiyaları şərh edib.
H. İnaça görə, xüsusilə Donald Tramp hakimiyyətə gəldiyi gündən etibarən, fələstinlilərdən və qəzzalılardan “təmizlənmiş” bir Qəzza yaratmaq arzusu açıq şəkildə quruldu:
“Bununla bağlı Tramp administrasiyası çoxlarının tənqid etdiyi “Orta Şərqin yarası” adlandırılan bir planı ön plana çıxardı. Tramp hakimiyyətə gəldiyi andan etibarən münaqişəni sona çatdırmaq niyyətində olduğunu göstərən cəhdlər etdi, müəyyən səviyyədə bu istiqamətdə fəaliyyət göstərdi. Lakin zaman keçdikcə, “sistemin dosyeləri” adlandırılan biabırçı materiallar ortaya çıxdı və İsrailin bu məsələ ilə Trampı təhdid etməsi nəticəsində onun təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. Sonuncu dəfə jurnalistlər İsrailin Qəzzadakı “son təxliyə” və işğal əməliyyatlarını necə dəyərləndirdiyini soruşanda Tramp “Bunu İsrail bilir. Mən sadəcə oradakı ac insanları doydurmaqla məşğul olacağam” cavabını verdi. Bu isə göstərir ki, Tramp bundan sonra Qəzza siyasətində olduqca passiv mövqe tutacaq və İsrailin həm kütləvi qırğınlarına, həm də növbəti işğal planlarına yaşıl işıq yandıracaq”.
Onun sözlərinə görə, burada qəbilə rəhbərlərinin qəbul etdiyi və HƏMAS-la müharibəni bitirmək üçün irəli sürdüyü bəzi prinsiplər var, amma bunlar HƏMAS-ın qəbul edəcəyi şərtlər deyil:
“Birinci şərt HƏMAS-ın silahsızlaşdırılmasıdır. Lakin İsrailə qarşı güclü bir inamsızlıq var. İki dövlətli həll qəbul edilərsə və İsrail Qəzzadan çəkilərsə, yalnız o zaman HƏMAS-ın silahsızlaşdırılması gündəmə gələ bilər. Keçən həftə Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasına üzv bir çox ölkə tərəfindən imzalanmış sənəd vardı. Orada HƏMAS-ın ləğvi məsələsi yer alırdı. Türkiyə isə sənədə şərt qoyaraq bildirdi ki, bu, yalnız Fələstin dövlətinin tanınması və İsrailin çəkilməsi ilə mümkündür”.
Mütəxəssis diqqətə çatdırıb ki, eyni qayda əsirlərin azad edilməsi məsələsinə də aiddir:
“Qəzza zolağının mühüm bir hissəsini silahlardan təmizləyib ələ keçirmək və ilhaq etmək istəyən bir İsrail mövcuddur. Təhlükəsizliyin İsrail tərəfindən təmin olunması isə absurddur. 7 oktyabrdan bəri baş verənlər bəlkə də dünyada indiyədək görünməmiş miqyasda qırğını göstərir. HƏMAS müəyyən müddət ərzində hakimiyyətdən çəkilməyə, bölgədə ərəb dövlətlərinin iştirakı ilə alternativ hökumətin qurulmasına razı ola bilər. Amma bu, yalnız işğalın sona çatdırılması, soyqırımın dayandırılması, bölgənin tərk edilməsi və etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi ilə mümkündür. Çünki İsrail etibarlı dövlət deyil”.
Həmsöhbətimiz əlavə edib ki, bu gün atəşkəs imzalansa belə, keçmiş nümunələrdən bilirik ki, İsrail qısa müddət sonra daha güclü hücum həyata keçirə bilər:
“BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasında da belə yanaşmanın üstünlük təşkil etdiyi göründü. Böyük Britaniya başda olmaqla Fransa, Yeni Zelandiya, Avstraliya və Kanada Fələstin dövlətini tanıyacaqlarını bəyan etdilər. Belə bir beynəlxalq həssaslıq yaranmışkən Qəzzanın işğal planının gündəmə gətirilməsi çox mənfi nəticələr doğuracaq. Çünki beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək. ABŞ icazə versə belə, İsrailin tammiqyaslı işğalı həyata keçirmək hərbi potensialı yoxdur”.
“Xüsusilə Qəzzanın şimalı həm HƏMAS-ın, həm də əsirlərin sıx olduğu ərazidir. İsrail quru hücumuna keçərsə, ciddi itkilər verəcək və bu, İsrail cəmiyyətində böyük travma yaradacaq. Mənim fikrimcə, İsrail minlərlə, on minlərlə insanı qətlə yetirsə də, bu müharibəni artıq uduzub. Quru əməliyyatı isə İsrail üçün böyük məğlubiyyətlə bitəcək. O, nə ərazilərə tam nəzarəti təmin edəcək, nə də tunelləri məhv edə biləcək. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də bunun yanlış strategiya olduğunu etiraf edib. Amma İsrail artıq rasional dövlət ağlını itirib. Əgər quru hücumu həyata keçirsə, bu, həm işğalın sonunu gətirəcək, həm də Qəzzanı böyük bir fəlakətə sürükləyəcək yeni bir qapı açacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov