Oktyabrın 4-də Qırğızıstanda keçirilmiş parlament seçkilərindən sonra ölkəni etiraz dalğası bürüyüb.
Yenicag.az qırğız mediasına istinadən xəbər verir ki, seçkilərin nəticələrinə etiraz edən müxalifət tərəfdarları paytaxt Bişkekdə prezident administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binasına daxil olan etirazçılar Qırğızıstanın həbsdə olan sabiq prezidenti Almazbek Atambayevi, həmçinin sabiq baş nazir Sapar İsakovu və Prezident Adminstrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu həbsdən azad ediblər.
Hadisələrlə əlaqədər xalqa səslənən ölkə prezidenti Sooronbay Jeenbekov vətəndaşları qanunlara riayət etməyə çağırıb və bəzi siyasi qüvvələrin seçkilərin nəticələrini bəhanə edərək iqtidarı ələ keçirməyə çalışdığını qeyd edib. Jeenbekov sabitliyin bərpası üçün bütün lazımi tədbirlərin görüldüyünü, ehtiyac yaranarsa, seçkilərin nəticələrinin ləğv olunacağını da vurğulayıb.
İlkin məlumata görə iğtişaşlar zamanı 590 nəfər yaralanıb, 1 nəfər ölüb.
www.yenicag.az