Qırmızı Ürəklər Fondu ekologiyanın və təbiətin qorunmasına töhfə verən layihələrin icrasına davam edir.
Yenicag.az xəbər verir ki, fond, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti uğurlu aksiyanı həyata keçirib. Aksiya zamanı ekokönüllülər tərəfindən 100 kiloqramdan çox istifadə olunmuş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Toplanan tullantılar Azərbaycan Hava Yolları QSC, Bakı Ağ Şəhər Biznes Mərkəzi, Bakı Avropa Liseyi, “Araz” supermarketlər şəbəkəsinin Space və Xətai filialları, həmçinin “Bravo” Əhmədli hipermarketində yerləşən toplama məntəqələrindən götürülüb.
Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən layihənin məqsədi istifadəyə yararsız batareyaları digər tullantılardan ayıraraq onların ətraf mühitə və insan sağlamlığına zərərini minimuma endirmək, eləcə də ekoloji maarifləndirməni artırmaq və tullantıların düzgün idarə olunmasının vacibliyini vurğulamaqdır. Layihə çərçivəsində paytaxt Bakı və regionlarda yerləşən dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri, bank filialları və hotellərdə təhvil qutuları yerləşdirilib. Layihənin məqsədi insanların ekogiyaya həssaslığını artırmaq və tullantıların yenidən emalına diqqət çəkməkdir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Birbank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
www.yenicag.az