Qışqırığı fikir sayanlar: Səs çoxalır, söz yox olur – Rəfi Müslümov yazır
Biz çox qəribə bir cəmiyyətdə yaşayırıq. O qədər qəribə bir cəmiyyətdə yaşayırıq ki, normal məsələlərə fikir bildirməyə tənbəllik edirik, amma ən anormal, ən absurd mövzularla bağlı dərhal “ümummilli silahımız” – ictimai qınağı işə salırıq.
Azərbaycanda son günlər sosial şəbəkələrdə və mətbuatda gündəmi zəbt edən mövzulara baxanda da bu mənzərə aydın görünür: məlum aparıcının atasız qızlarla bağlı dediyi sözlər, özünü “modern çoban” hesab edən İsfəndiyar kişinin məscidləri söküb yerində məktəb tikmək sevdası və Buzovnadakı “naməlum xalanın” axtarışları. Hər üç mövzu ciddiyyət baxımından bir qəpiklik belə deyil. İndi deyəcəksiniz: “Bəs sən niyə fikir bildirirsən?” Qoyun, onu da deyim: ona görə ki, cəmiyyətdə baş verənlərə baxanda, IQ səviyyəsi ayaqqabı ölçüsü qədər olan adamların özlərini ağıllı sanması artıq dözülməz həddə çatıb.
Özünü “ziyalı” adlandıran, cəmiyyətin önündə getdiyini iddia edən o qədər adam var ki, ciddi məsələlərə gələndə sanki dili tutulur. Amma növbə gəlib çatanda aparıcının sözlərinə, İsfəndiyarın sərsəm bəyanatlarına, yaxud Buzovnada qadın axtaran sosial şəbəkə “detektivlərinə”, birdən-birə ayılırlar – hamı dilə gəlir, ağıl kəsir, “milli-mənəvi dəyərlərin müdafiəçisi” olur.
Sanki bu cəmiyyətdə mövcud olan bəzi kütlələr bir nəfər axtarır ki, zəhərini üstünə qussun, içindəki kin-küdurəti atıb yüngülləşsin. Önəmli məsələlərə laqeyd qalırıq, amma absurd gündəmlərdə özümüzü fəal göstərərək sanki nə isə xeyirli bir iş görürmüşük kimi davranırıq.
Əgər bu, doğrudan da “ağıllı reaksiya” sayılırsa, deməli… Hər nə isə… Odur ki, bizim bu toplumda baş verənlərə olan reaksiya artıq təəccübləndirici deyil. Biz enerjimizi palçığın içinə tökürük, sonra isə təəccüblənirik ki, niyə bu qədər çirkə batmışıq? Çünki bu toplumda dəyərli sözlər eşidilmədiyi üçün səslər kəskinləşir, susqunluq qəhrəmanlıq, qışqırıq isə fikir sayılır. Nəticədə səs çoxalır, amma söz yox olur…