Qızılın qiyməti niyə stabilləşmir? – Ekspertdən AÇIQLAMA

media-hightechnic-468x90

 

media-banner_tkm

 

“Qızıl bazarında son günlər müşahidə olunan ucuzlaşma əsasən qısamüddətli korreksiya xarakteri daşıyır və bazarda fundamental trendin dəyişməsi kimi qiymətləndirilməməlidir. Belə ki, beynəlxalq bazarlarda qeyri-müəyyənliyin davam etməsi, geosiyasi risklərin aktuallığını qoruması, ABŞ dollarının mövqeyi və faiz dərəcələri ilə bağlı gözləntilər qızılın qiymət dinamikasına birbaşa təsir göstərən əsas amillər sırasında qalır”.

Bunu Yenicag.az-a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov qiymətli metal bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

O, hazırda qızılın qiymətinin yalnız zərgərlik sektorunda formalaşan tələbatla deyil, daha geniş qlobal iqtisadi və maliyyə faktorları ilə müəyyən olunduğunu bildirib:

“Xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilər, inflyasiya riskləri, dollar indeksinin hərəkəti, dövlət istiqrazlarının gəlirliliyi və investorların təhlükəsiz aktivlərə yönəlməsi qızıl bazarında volatilliyi artıran əsas faktorlar hesab edilir. Son bazar məlumatları da göstərir ki, qızılın qiymətində qısamüddətli enişlər baş versə də, qeyri-müəyyənlik və risklər artdıqda investorların qızıla marağı yenidən güclənir. Bu baxımdan, qiymətlərdə müşahidə olunan azalma daha çox bazarın texniki düzəlişi və mənfəət götürmə əməliyyatları ilə izah oluna bilər. Bununla yanaşı, mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq istiqamətində marağının davam etməsi qızılın strateji aktiv kimi əhəmiyyətini qoruduğunu göstərir”.

Ekspertin sözlərinə görə, Azərbaycan bazarına təsir baxımından ölkə daxilində qızıl məmulatlarının qiyməti əsasən beynəlxalq bazarda qızılın dəyərindən, manat-dollar məzənnəsindən, idxal, emal, logistika və satış xərclərindən asılı olaraq formalaşır:

“Beynəlxalq qiymətlərdə artım meyli davam edərsə, bu, müəyyən zaman intervalı ilə daxili bazarda zərgərlik məmulatlarının qiymətlərinə də təsir göstərə bilər. Eyni zamanda, yüksək qiymət səviyyəsi alıcı davranışlarına da təsirsiz ötüşmür. Belə şəraitdə istehlakçılar daha ehtiyatlı mövqe tutur, iri çəkili və bahalı məmulatlarla müqayisədə daha aşağı çəkili, gündəlik istifadə üçün nəzərdə tutulan zərgərlik məhsullarına üstünlük verirlər. Bu isə bazarda tələbatın strukturunda müəyyən dəyişikliklərin yarandığını göstərir. Ümumilikdə, qızıl bazarında əsas tendensiya yüksək qiymət səviyyəsinin qorunması, qısamüddətli korreksiyaların davam etməsi və qiymətlərin qlobal iqtisadi-geosiyasi faktorların təsiri altında formalaşmasıdır. Buna görə də yaxın dövrdə qızıl bazarında volatilliyin davam edəcəyi, lakin qızılın təhlükəsiz aktiv kimi investisiya cəlbediciliyini qoruyacağı ehtimal olunur”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05