“Qlobal böhrana baxmayaraq, Azərbaycanda heç bir sosial proqramın icrasında ləngimə yoxdur” – Mais Səfərli

“Azərbaycan dayanıqlı inkişaf göstəricisinə əsasən, regionun aparıcı ölkələrini də geridə qoyub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövrünün yaratdığı çətinliklər fonunda ölkədə həyata keçirilən sosial layihələrin icrasının tam həcmdə davam etdirildiyini diqqətə çatdıran Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda təmin olunmuş dayanıqlı inkişaf Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında da öz əksini tapıb:

“Haradasa, iki həftə bundan əvvəl BMT-nin Dayanıqlı İnkişaf indeksi ilə bağlı hesabatı dünya ictimaiyyətinə təqdim edildi. Hesabatdakı göstəriciyə görə, Azərbaycan əvvəlki illərə nisbətən irəliləyərək, 166 ölkə arasında 54-cü yerdə qərarlaşıb.

Böyük bir coğrafiyanı əhatə edən regionda biz liderik. Bu göstəciyə əsasən, bölgənin aparıcı ölkələri olan Rusiya, Türkiyə, İran kimi dövlətləri belə arxada qoymuşuq. Bu, onun nəticəsidir ki, Azərbaycanda doğrudan da, dayanıqlı inkişaf var.

Hətta indiki şəraitdə, pandemiya ilə mübarizə fonunda da bu inkişaf bir an belə dayanmır. Prezidentin ötən günlər bir neçə rayona səfəri zamanı çox sayda sosial obyektlərin açılışı da bu fikirləri təsdiqləyir. Hələ bunlar görülən işin kiçik bir hissəsidir.

Mən bunları prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin əməyinin, məqsədyönlü fəaliyyətinin nəticəsi kimi dəyərləndirirəm.

Bir siyasətçi kimi, təkcə region ölkələrində yox, həm də dünyada gedən prosesləri izləyirəm və deyə bilərəm ki, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda heç bir sosial proqramın icrasında ləngimə yoxdur. Prezident İlham Əliyev də Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edir”.

Aqil Bəkir