"Qubadlının azad olunması Şuşa əməliyyatının başlanmasına əlverişli imkan yaratdı" - ŞƏRH
“Azərbaycan müstəqillik tarixində xüsusi yeri olan Qubadlı rayonu 2020-ci ilin 25 oktyabrında öz azadlığına qovuşaraq Vətən müharibəsinin qürur və qələbə simvollarından birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi möhtəşəm hərbi əməliyyatlar nəticəsində işğal zənciri qırıldı, 27 illik həsrət sona çatdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə 25 oktyabr – Qubadlı şəhəri günü ilə bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, Qubadlının azadlığı 44 günlük Vətən müharibəsində əldə edilmiş ən mühüm strateji qələbələrdən biri idi:
“Cəbrayıl və Zəngilan istiqamətində aparılan uğurlu əməliyyatlardan sonra Azərbaycan Ordusu Qubadlının yüksək dağ massivlərində yerləşən istehkamları yararaq düşmənin müdafiə xəttini keçdi. Şəhərin ətrafındakı Xanlıq, Sarıyataq, Padar kimi kəndlər azad edildikdən sonra əməliyyatın həlledici mərhələsi başladı. Qubadlı strateji yüksəkliklər üzərində yerləşdiyi üçün şəhərin alınması təkcə Zəngilan və Laçın istiqamətində deyil, ümumilikdə müharibənin sonrakı mərhələsində – Şuşa əməliyyatının başlanmasına da əlverişli imkan yaratdı. Qubadlı tarixən Azərbaycanın iqtisadi və mədəni mərkəzlərindən biri olub”.
Millət vəkili xatırladıb ki, 1993-cü il avqustun 31-də erməni silahlı qüvvələrinin hücumu nəticəsində Qubadlı işğal edilmiş, 30 minə yaxın əhali doğma yurdunu tərk etməyə məcbur olmuşdur:
“İşğal dövründə 94 yaşayış məntəqəsi, minlərlə ev, məktəb, mədəniyyət obyekti və dini abidələr dağıdılmış, təbii sərvətlər talan edilmişdir. Xaricdən gətirilən ermənilərin bu ərazilərdə qanunsuz məskunlaşdırılması beynəlxalq hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması idi. Lakin xalqımız bu ədalətsizliyi heç vaxt qəbul etmədi, azadlıq arzusunu daim yaşatdı. 2020-ci ilin sentyabrında başlayan əks-hücum əməliyyatı – Vətən müharibəsi məhz bu ədalətin bərpası idi. Azərbaycan Ordusunun igidliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və xalqın dəstəyi nəticəsində Qubadlı 27 illik işğaldan azad edildi. Şəhərin azad olunması xəbərini Ali Baş Komandan “Twitter” (“X” – red.) vasitəsilə elan etdikdə, bu xəbər milyonlarla azərbaycanlının qəlbində sevinc, qürur və göz yaşı ilə qarşılandı. Bu qələbə Azərbaycan Ordusunun peşəkarlığının, hərbçilərimizin yüksək döyüş hazırlığının və komandanlığın taktiki mükəmməlliyinin təzahürü idi”.
O vurğulayıb ki, Qubadlı uğrunda döyüşlərdə iştirak edən minlərlə igid əsgər və zabit “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib:
“Qubadlının azadlığı yalnız hərbi qələbə deyil, həm də milli ruhun, vətən sevgisinin və dövlətin gücünün göstəricisidir. Bu torpaqların hər qarışı xalqımızın yaddaşında müqəddəs bir məna daşıyır. Qubadlı əməliyyatı göstərdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyü və suverenliyi uğrunda heç bir təzyiqə boyun əymir, azadlığı üçün hər cür fədakarlığa hazırdır. 25 oktyabr tarixi Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi kimi əbədiləşmişdir. Daim Qubadlının igid oğulları, şəhid və qazilər ehtiramla anılır, şəhərin azadlığına aparan yolun hər bir addımı gənc nəslə nümunə kimi çatdırılır. Qubadlının işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqın tarixi ədalətə inamı bir daha möhkəmləndi. Bu, təkcə bir şəhərin deyil, bütöv bir xalqın öz torpağına, tarixə və kimliyinə dönüşüdür. Qubadlı bu gün müasir Azərbaycanın qalib ruhunun, bərpa və dirçəlişinin simvoludur”.
Məlik Məlikov












