!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qul əməyi”nə cəlb olunan uşaqların ACI STATİSTİKASI: “Qanunlar sərtləşdirilməsə...” – VİDEO

!Reklam – Yazi

“Milli qanunvericiliyə həm valideynin, həm də işəgötürənin məsuliyyətini artıran müddəalar əlavə olunmalıdır”.

Yenicag.az xəbər verir ki, kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov 2018-ci və 2019-cu il mövsümlərində Azərbaycanın pambıq tarlalarında əmək hüquqlarına əməl edilməsi və uşaq əməyindən istifadə olunması vəziyyətinin monitorinqini apardıqlarını və çox acınacaqlı faktlarla rastlaşdıqlarını deyib.

Vahid Məhərrəmovun sözlərinə görə, 2018-2019-cu illərdə ölkənin əsas pambıqçılıq rayonlarında uşaq əməyinin istismarı yüksək səviyyədə müşahidə olunub və bu, məyusedici haldır:

“Araşdırmalarımıza əsasən, bütün rayonlarımızda pambıq təsərrüfatlarında 15 yaşından aşağı uşaqların əməyindən istifadə olunması adi hala çevrilib. Xüsusilə, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Beyləqanda pambıq tarlalarında uşaq əməyindən istifadə olunmasının qarşısının alınması ilə bağlı fermerlər, müvafiq icra strukturları və bələdiyyələr tərəfindən heç bir tədbir görülmür”.

Vahid Məhərrəmov övladlarını tarlalara pambıq yığmağa aparan valideynlərlə söhbətləşdiklərini, uşaq əməyindən istifadənin səbəblərini araşdırdıqlarını da qeyd edib:

“Uşaqları tarlaya adətən, anaları aparır və təəssüf ki, onların çoxu bunu məcburiyyətdən edirlər. Rayonlarda aztəminatlı ailələrin sosial yardım proqramlarından, o cümlədən, ünvanlı sosial yardımlardan yararlanmalarında böyük problemlər var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarələri, rayon icra hakimiyyətlərinin UNİCEF-lə əməkdaşlıq edən müvafiq komissiyaları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.

Vahid Məhərrəmov valideynləri tərəfindən tarlalarda işlədilən uşaqların təhsili ilə bağlı məsələyə də diqqət çəkib:

“Müşahidələrimiz göstərdi ki, bəzi kəndlərdə müəllimlər çatışmır, bəzilərində təhsilin səviyyəsi aşağıdır, valideyni qane etmir. Monitorinq dövründə bununla bağlı ciddi faktlar aşkar etmişik. Təhsil Nazirliyi mütləq bu məsələyə nəzarəti gücləndirməlidir”.

Ekspertin fikrincə, uşaq əməyinin istismarı ilə bağlı Azərbaycan qanunvericiliyinin tələbləri daha da sərtləşdirilməlidir:

“Uşaq əməyindən istifadə ilə bağlı beynəlxalq standartlar dərindən öyrənilməli və milli qanunvericiliyə həm valideynin, həm də işəgötürənin məsuliyyətini artıran müddəalar əlavə olunmalıdır.

Təbii ki, aztəminatlı ailələrə xüsusi diqqətin ayrılması, uşaq pulunun bərpa olunması və ünvanlı sosial yardımın verilməsi sahəsində korrupsiyanın aradan qaldırılması da diqqət yetirilməli əsas məsələlərdən olmalıdır”.

Tanınmış ekspert təkcə 2019-cu il pambıq yığımı mövsümündə uşaq əməyinin istismarı ilə bağlı 30-a yaxın video və foto fakt qeydə aldıqlarını bildirib:

“Məqalədə yerləşdirilən şəkil sonuncu pambıq mövsümündə qeydə aldığımız faktların yalnız bir hissəsidir. Bütün faktları müvafiq ölçünün götürülməsi üçün UNİCEF-ə və digər əlaqədar qurumlara təqdim etmişik, səlahiyyətli qurumların rəhbərləri ilə görüşüb müzakirələr aparmışıq. Monitorinqin nəticələri əsasında bir neçə videoçarx hazırlanaraq “Azərbaycan pambıqçılığı” “Youtube” səhifəsinə yerləşdirilib”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 15 yaşınadək uşaqların işləməsi birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 17-ci maddəsinə (Ailə, uşaqlar və dövlət) görə, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

Əmək Məcəlləsi (12-ci və 46-cı maddələr) işəgötürənə 15 yaşına çatmamış uşaqların işə götürülməsini və onlarla əmək müqaviləsi bağlanılmasını qadağan edir.

İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 192.9-ci maddəsində isə nəzərdə tutulur ki, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə – vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə edilir.

Gülşən Şərif

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv