Eyni hilala baxan TÜRK DÜNYASI: Aqil Ələsgər bir dini fətvanın verdiyi mesajın kodlarından yazdı

media-hightechnic-468x90

Bu gün Qurban Bayramıdır və bütün müsəlmanlar bu müqəddəs günü qeyd edir.

media-banner_tuq

Bir neçə gün əvvəl isə Qurban Bayramının tarixi açıqlanarkən diqqətçəkən bir məqam vardı. Xüsusilə hər zaman dini mübahisələrin mərkəzində olan Azərbaycan üçün bu, adi dini elan deyildi. Çünki bu dəfə məsələ sadəcə hilalın hansı gecə görünməsi deyildi… Məsələ türk dünyasının eyni səmayə baxıb eyni gündə bayram qərarı verə bilməsidir.

Hər zaman olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə hilal Azərbaycan üfüqündə göründü və buna uyğun olaraq Qurban Bayramının ilk günü 27 may elan edildi.

Amma diqqət edilməli əsas cümlə başqa idi:

“Türk Dövlətləri Təşkilatı Dini İdarə Rəhbərləri Şurasının 18 may 2026-cı il tarixli ortaq fətvası…”

Əsas məsələ məhz burada başlayır. Çünki illərlə Türk Dövlətləri Təşkilatını tənqid edənlər vardı. “Liderlər toplanır, ailə fotosu çəkdirib dağılışırlar”, – deyirdilər. Halbuki bu gün görürük ki, məsələ qəhvə içmək deyilmiş. Məsələ ortaq ağıl formalaşdırmaq imiş.

Bir zamanlar türk dövlətləri eyni dili danışsa da, fərqli istiqamətlərə baxırdı. Bu gün isə eyni hilala baxır. Bu, sıradan hadisə deyil.
Çünki tarix bizə göstərdi ki, eyni təqvimə baxa bilməyən millətlər eyni gələcəyi də qura bilməz.

Bu gün Qurban Bayramı ilə bağlı ortaya çıxan ortaq iradə, əslində, daha böyük dönüşümün işarəsidir.

Şuşanın azadlığı necə ki sadəcə bir şəhərin geri alınması deyildisə, Türk Dövlətləri Təşkilatının dini, siyasi və mədəni məsələlərdə ortaq mövqe formalaşdırması da adi bürokratik proses deyil. Bu, parçalanmış türk coğrafiyasının yenidən bir-birinə alışmasıdır.

İlham Əliyev illərdir eyni şeyi deyir:
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Rəcəb Tayyib Ərdoğan da hər kritik zirvədə eyni mesajı verir:

“Türk dünyasının həmrəyliyi XXI əsrə damğa vuracaq”.

Bir vaxtlar bu sözlər romantik görünürdü.
Amma bu gün enerji xətlərindən hərbi təlimlərə… Qarabağdan Orta Dəhlizə…
Müdafiə sənayesindən ortaq əlifba çalışmalarına qədər hər sahədə bu birlik artıq reallığa çevrilir.

İndi isə buna dini koordinasiya da əlavə olunur.

Kiçik görünən detallar bəzən böyük qırılmaların xəbərçisi olur.

Eyni bayram günündə bir araya gəlmək… Eyni göyə baxıb eyni qərarı verə bilmək…Bunlar dövlət yaddaşı formalaşdırır. Çünki birlik yalnız savaşda qurulmur, bayramda da qurulur.

Bu gün Adriatikdən Türküstana uzanan xətt boyunca ortaq enerji dili formalaşır, ortaq təhlükəsizlik refleksi yaranır, ortaq diplomatiya formalaşır və artıq ortaq zaman duyğusu da yaranır.

Bu səbəbdən 27 may tarixi yalnız Qurban Bayramının ilk günü deyil, eyni zamanda, türk dünyasının eyni səma altında yenidən bir-birini tapmasının elanıdır.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05