Qusman niyə “vuruldu”? – Kremlin media diplomatiyasında Azərbaycan PROBLEMİ
“Qusmanın çıxışlara vasitəçi olması onun hədəf alınmasına və cəzalandırılmasına gətirib çıxardı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, Mixail Qusmanın III Şuşa Qlobal Media Forumunda iştirakından sonra TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsinin pərdəarxası amillərindən danışıb.
Politoloq bildirib ki, bu, kifayət qədər ciddi məsələdir:
“Çünki Azərbaycana qarşı informasiya müharibəsi gedir və mesajlar Qusman vasitəsilə çatdırılır. Qusman Azərbaycan əsilli şəxsdir, eyni zamanda Rusiyada Azərbaycanın lobbiçiliyini aparan biri kimi tanınır. Zaman-zaman Azərbaycanın milli maraqlarını da dilə gətirib. Ona görə də Qusmana qarşı tutulan mövqe, əslində, Azərbaycana qarşı sərgilənən mövqe kimi başa düşülə bilər”.
Onun sözlərinə görə, digər tərəfdən, unutmamaq lazımdır ki, xüsusilə Şuşa Zirvəsində onun verdiyi suallar mühüm rol oynadı:
“Həmin suallar imkan verdi ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi kursu barədə konkret və iddialı açıqlamalar versin. Bu açıqlamaların arxasında həm Prezidentin siyasi iradəsi, həm də Azərbaycanın gücünün təzahürü dayanırdı. Son dövrlər Rusiya ilə yaşanan gərginliklər fonunda Azərbaycanın siyasi xəttində müəyyən dəyişikliklər müşahidə olunur. Regionun strateji vəziyyəti, gələcəkdə Rusiyanın və ümumilikdə Cənubi Qafqaza baxışı kontekstində Azərbaycanın seçdiyi rol olduqca önəmlidir. Səsləndirilən fikirlər həm Rusiyaya, həm də digər regional oyunçulara ciddi mesaj idi. Qusmanın çıxışlara vasitəçi olması onun hədəf alınmasına və cəzalandırılmasına gətirib çıxardı”.
Nəsimi Ələsgərli