Daxili işlər naziri, general-polkovnik Ramil Usubov türkiyəli həmkarı Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazir dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə türkiyəli həmkarına təşəkkürünü bildirib, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Daha sonra nazir Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində respublikamızda hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, əmin-amanlığın bərpa edilməsi, əməliyyat şəraitinin nəzarətə götürülməsi barədə məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazandığını nəzərə çatdıran nazir bütün bu işdə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin də xüsusi rolunu, xidmətini məmnuluqla xatırladıb, buna görə cənab Süleyman Soylunun şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkürünü bildirib.
Nazir, Süleyman Soylunun Azərbaycana ilk rəsmi səfərinin əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkədə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Qəbulda Türkiyənin ölkədəki səfiri Erkan Özoral iştirak edib.
www.yenicag.az