Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq AMEA-dan bildirilib.
AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.
Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.
Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.
Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin aparatının ləğv olunan Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad olunub. Onun yerinə yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə isə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov təyin olunub.
www.yenicag.az