“Deməzdim ki, AMEA heç bir işə yaramayıb. Yarayıb. Qurum bir çox şəxsi layiq olmadıqları halda, akademik titul ilə şərəfləndirib. Büdcədən milyonlar qoparılıb, havaya sovrulub. Saxta əsərlərin müqabilində Elm Fondu ilə sövdələşərək dövlət büdəcəsindən yüz milyonlar mənimsənilib. Plagiarizmə abidə qoyulub”.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov AMEA ətrafında səngimək bilməyən müzakirələr və mövcud elmi mühit haqqında danışarkən Yenicag.az-a açıqlamasında səsləndirib.Professor bildirib ki, alimlər kitablarını öz vəsaitləri hesabına çap etdirirlər və bu, kəmiyyət planını doldurmə məqsədi daşıyır.
“O kitabların çoxu çap olunmasa, yaxşıdır. Sadəcə ictimaiyyətin gözünə kül üfürmək, aldatmaq üçün belə bir tələb qoyurlar. Onlar da əlacsız qalıb nəyinsə üzünü köçürüb kitab şəklində az sayda çap etdirib kəmiyyət planını doldururlar. Əslində, boş yerə kağız və vəsait sərf edirlər. Yəni hərtərəfli ziyanın içindəyik. Mənasız və məzmunsuz kitablardır. Desinlər ki, hə, mənim, məsələn, 20 kitabım var, göstəricidir, halbuki Azərbaycan elminə bir qəpiklik faydası olmayan kağız topalarıdır.
Milyonlarla qrant yeyilib, müqabilində saxta əsərlər gözə soxulub. Bu haqda kifayət qədər faktlar var.
Mövcud akademşəbəkə təslim olmaq istəmir. Əksinə, əlaltından hay-küy qoparırlar ki, ay dünyada dövlət elmə belə pul ayırır-filan. Qayıdıb deyən yoxdur, ay alimi-şərir, axı onlar sizin kimi ayrılan pulları oğurlayıb ciblərinə qoymurlar.
Dərd burasındadır ki, əhəmiyyətli kitabların nəşrinə ayrılan pulları da basıb yeyiblər”.
Akademiyada elmi fəaliyyət üçün mühit və şərait olmadığını qeyd edən idris Abbasov qurumda alış-veriş və bazar ab-havasının hökm sürdüyünü vurğulayıb:
“Akademşəbəkənin bəslənməsi sayəsində AMEA-nın Dilçilik İnstitutunda elmi iş yerinə yetirmək üçün heç bir şərait yoxdur. 15-25 işçinin zorla yerləşdiyi kiçik bir otaqda yalnız çay içib qeybət etmək olar. Zarafat etmirəm. Bu, iş şəraiti deyil! Dünyanın harasına gedirsinizsə, gedin, elmi-tədqiqat üçün belə alver, dedi-qodu şəraiti yoxdur.
Dövlətin elm potensialını dağıdanlar, əxlaqını kor qoyanlar, təəssüf ki, indi də iş başındadırlar.
Bəli, hazırkı akademik tərkiblə Azərbaycan elmi geriləyir və geriləyəcək, çünki elmi müəssisələri pul mənimsəmə obyektinə çevirənlər cəzasızdırlar. Alimlərin fəaliyyətsizliyi, elmə maliyyə ayrılmaması məsələləri isə sonra gəlir”.
Gülşən
www.yenicag.az