!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tayfa birliyi”nə çevrilən AMEA: Arif Həşimov Ramiz Mehdiyevin “irs”ini necə yaşadır?

!Reklam – Yazi

Milli Elmlər Akademiyasında (AMEA) kadr siyasətinin, əsasən, qohumluq əlaqələrinə əsaslandığına dair yeni və ilginc faktlar aşkarlanıb.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il fevralın 19-dan AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimovun təqribən yarımillik fəaliyyəti dövründə görülən “iş”lər Akademiyadakı neqativ halların azalmaq əvəzinə, artdığını söyləməyə tam əsas verir.

Həşimovun AMEA-da başladığı “islahat”lar çərçivəsində onun bu il iyulun 7-si və 20-də imzaladığı 13/1 və 376 saylı sərəncamlar əsasında Akademiyanın bir neçə şöbəsi ləğv olundu, orada çalışan 50-dən artıq əməkdaş isə ixtisara düşdü. Lakin ixtisara düşən əməkdaşlardan bir neçəsi az sonra yenidən işlə təmin edildilər. Ancaq kimin yardımı ilə və necə?

Bildirilir ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev işdən azad olunmazdan əvvəl Natiq Mehdiyevi (soyad uyğunluğu təsadüfidir) Kadrlar şöbəsinin müdiri təyin edib. Yuxarıda qeyd olunan ixtisara düşən əməkdaşlardan biri – AMEA İşlər İdarəsinin Təmir-tikinti şöbəsinin iş icraçısı Anar İlham oğlu Mehdiyev (yenə həmin soyad, amma bu dəfə təsadüfi deyil) birdən-birə vəzifəsi yüksəldilərək AMEA-nın Xüsusi şöbəsinə tam ştatla baş mütəxəssis vəzifəsinə təyin edilib. Onun AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin qardaşı oğlu olduğu nəzərə alındıqda bu təyinatın hansı prinsiplə gerçəkləşdiyi barədə təsəvvür yaranır.

Bu çərçivədə daha bir mühüm məqam ondan ibarətdir ki, Natiq Mehdiyev AMEA Kadrlar şöbəsindən əvvəl Akademiyada Xüsusi şöbənin müdiri vəzifəsində işləyib. Anar Mehdiyev, eyni zamanda, Memarlıq və İnşaat Universitetinin magistraturasında əyani təhsil alır. Axı əyani təhsilni başa vurmayan Anar İlham oğlu Mehdiyev necə olur ki, xüsusi şöbədə tam ştatla işə götürülür? Yeri gəlmişkən, Natiq Mehdiyevin qeyri-rəsmi səlahiyyətləri o həddə çatıb ki, o öz yeznəsi İqbal Qəhrəmanovun AMEA Xüsusi şöbəsinə müdir gətirilməsinə də nail olub.

Görün AMEA-da qanunlara münasibət baxımından necə atmosfer hökm sürür ki, Natiq Mehdiyev Akademiyada işə qəbul prosesi dayandırılsa da, əvvəlki işindən ixtisara düşən, həmçinin magistraturanın əyani şöbəsində təhsilini davam etdirən qardaşı oğlunu daha yüksək vəzifəyə, həm də tam ştatla işə götürərkən bir neçə qanun pozuntusuna yol verməkdən əsla çəkinməyib.

Amma Arif Həşimovun idarəçiliyində qeydə alınan pozuntular bununla məhdudlaşmır. AMEA Təhsil şöbəsinin “elmlər doktoru” olmayan müdiri Ələddin Məlikovun özünü “fəlsəfə elmləri doktoru” kimi qələmə verərək rəsmi sənədləri imzalamaqla vəzifə səlahiyyətlərini aşması və bununla da sənədləri saxtalaşdırması haqqında mediada çox sayda material dərc olunub. Hətta bu məsələ ilə bağlı hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığı bildirilir.

Amma Akademiyadakı absurdlar bununla da bitmir. Məlumata görə, sadəcə bakalavr təhsili olan Aynur Məhərrəmova AMEA-nın Magistratura şöbəsində dərs deyir. Onun AMEA Təhsil şöbəsinin əməkdaşı Leyla Hacıyevanın bacısı olduğu qeyd edildikdə mənzərə tam aydınlaşır. AMEA Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, o cümlədən AMEA Fizika İnstitutunun əməkdaşı, Akademiyada baş alıb gedən intriqaların əsas “rejissor”u kimi tanınan Qafil Dəmirovun bu əməllərinə görə cəzalanmayacağına əmin olması oradakı dözülməz mühitdən qaynaqlanır.

Bu da belə düşünməyə əsas verir ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri olduğu dönəmdə öz kadrlarını lazımi yerlərdə və uyğun vəzifələrdə yerləşdirə bilib. Təəsüflər olsun ki, AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov öz sələfinin qurduğu bu mexanizmi dağıtmaq yerinə, onun daha da “təkmilləşməsinə” şərait yaradır. Göründüyü ki, dövlət rəhbərliyinin AMEA-da işləri sahmana salmaq və oranı gerçək elm məbədinə çevirmək göstərişi verdiyi Arif Həşimov reallıqda Ramiz Mehdiyevin “irs”ini yaşatmaq missiyasını “uğurla” həyata keçirməkdədir…

Amma daha nə qədər?

COP29

www.yenicag.az

2945
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv