Razi Nurullayev: “Prezidentin Almaniya təmasları Bakının Avropadakı diplomatik üstünlüyünü nümayiş etdirir”
“Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yaxından maraqlanması ilk növbədə regionda sabitlik və Avropanın uzunmüddətli maraqları ilə bağlıdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Deputat Azərbaycan və Almaniya liderlərinin görüşündən müsbət danışıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və həm Prezident Frank-Valter Ştaynmayer, həm də Kansler Fridrix Mers ilə keçirdiyi görüşlər ikitərəfli münasibətlərdən daha geniş geosiyasi məna daşıyır. Almaniya Avropanın aparıcı siyasi və iqtisadi güclərindən biridir. Bu baxımdan belə yüksək səviyyəli təmaslar Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı və qarşılıqlı maraqların müzakirəsi üçün əhəmiyyətli platformadır.
Hazırkı beynəlxalq şəraitdə Avropanın enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və təchizat zəncirlərinin şaxələndirilməsi əsas prioritetlərdən biridir. Azərbaycan isə coğrafi mövqeyi, enerji resursları və Orta Dəhlizdə oynadığı rol sayəsində bu proseslərin mühüm iştirakçılarından birinə çevrilib. Təbii ki, Almaniyanın da bu məsələlərə xüsusi diqqət ayırması gözlənilən idi”.
Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Almaniya da maraqlıdır və bu, çox müsbət addımdır:
“Digər vacib məqam Cənubi Qafqazda sülh və sabitlik məsələsidir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafı, kommunikasiya xətlərinin açılması və beynəlxalq layihələrin təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Almaniyanın bu proseslə maraqlanması da ilk növbədə regional sabitlik və Avropanın uzunmüddətli maraqları ilə bağlıdır.
Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan Prezidenti həm dövlət başçısı, həm də hökumət başçısı ilə görüş keçirdi. Bu, gösterir ki, gündəmdə yalnız siyasi münasibətlər deyil, iqtisadi əməkdaşlıq, investisiya imkanları, enerji, sənaye və digər istiqamətlər də yer alır. Belə təmasların konkret nəticələr verməsi isə artıq bundan sonra atılacaq addımlardan asılı olacaq”.
R. Nurullayev qeyd edib ki, bu səfər Azərbaycan üçün olduqca əhəmiyyətlidir:
“Ümumilikdə, bu səfəri Azərbaycanın Avropa ilə dialoqunun davamı kimi qiymətləndirmək olar. Bugünkü mürəkkəb geosiyasi şəraitdə müxtəlif tərəfdaşlarla açıq dialoqun saxlanılması, milli maraqların qorunması və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ölkənin xarici siyasəti üçün vacib amillərdəndir. Əsas məsələ isə bu cür görüşlərin siyasi bəyanatlarla məhdudlaşmaması, iqtisadiyyat, texnologiya, investisiya və regional təhlükəsizlik sahələrində real nəticələrə çevrilməsidir”.
Nurlan Cəfəri













