Hikmət Babaoğlu: “Bu gün Azərbaycan mətbuatı mühüm dövlət və ictimai qayğı ilə əhatə olunub”
“Biz mətbuatımızı təsadüfi olaraq milli mətbuat adlandırmırıq, çünki milli mətbuatımız Azərbaycan xalqının ictimai münasibətlər sisteminin tarixi yaddaşının bir parçasıdır və bir növ 150 illik tariximizin tərcümeyi-halını özümüzə təqdim edən mühüm bir vasitədir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat Azərbaycanda söz və mətbuat azadlığından, eləcə də Azərbaycan mətbuatının bugünkü dövrə qədər keçdiyi sınaqlardan söz açıb:
“Mətbuat sadəcə informasiya əldə edib onu geniş kütləyə çatdırmaq sənəti deyil. Verilən informasiyaların içərisində xalqın tarixi, mədəni, iqtisadi, siyasi, humanitar və fəlsəfi dəyərlərinin hamısını eyni vaxtda öz dövrünün mətbuatında tapmaq mümkündür. Ona görə də mətbuat çox mühüm vasitədir.
Bu gün mətbuatın mahiyyəti və əsas klassik funksiyası dəyişməsə də, fəaliyyət sahəsi çox genişlənib, insanlara təsir imkanları həddindən artıq artıb və informasiyanın məzmunu dəyişib. Əgər vaxtilə informasiya sadəcə müəyyən hadisə haqqında verilən məlumat idisə, bu gün müxtəlif məzmun yüklənməklə manipulyasiya vasitəsinə, cəmiyyəti yönləndirmə sənətinə çevrilib. İnformasiya artıq qərəzli məlumatlarla insanın düşüncəsini dəyişməyə, öz dəyərlərinə münasibətini yenidən formalaşdırmağa xidmət edir.
Yəni informasiyanın əhəmiyyəti artıb. İnformasiya isə elə mətbuatın xammalıdır. Ona görə də bugünkü tarixi mərhələdə jurnalistlərimiz daima bu informasiyanın nə üçün ortaya çıxdığını və nəyə xidmət etdiyini öyrənməklə milli mətbuatımızı zənginləşdirməyi bacarmalıdırlar. Bu isə, əlbəttə ki, dərin zəka və yüksək intellekt tələb edən məsələdir.”
H. Babaoğlu bildirib ki, Azərbaycanda mətbuat dövlət qayğısı ilə tam təmin edilir:
“Bu gün Azərbaycan mətbuatı mühüm dövlət və ictimai qayğı ilə əhatə olunub. Son 30 illik dövrdə mətbuatımız xeyli inkişaf yolu keçib, onun hüquqi əsasları yaranıb. Bütün bunlarla bərabər, mətbuat anlayışının özü də dəyişib. Bu gün “Mətbuat nəyə deyilir?” sualını özümüzə versək, mənə elə gəlir ki, o qədər də dəqiq cavab verə bilmərik.
Klasik media subyektlərindən kənarda məhz mətbuatın funksiyasını yerinə yetirən o qədər vasitələr var ki, məsələn sosial şəbəkələr, digər internet resursları və sair. Nəticə etibarilə bunlar informasiya ilə işləyən mühüm platformalardır.
İnformasiya xaotikliyi dövründə milli mətbuatın vəzifəsi daha da mürəkkəbləşir və onların önündə olmaq zərurəti yaranır. Milli mətbuat hər bir informasiya paylaşım sisteminin və ya vasitəsinin önündə olmalıdır ki, onları istiqamətləndirə bilsin. Çünki digər platformalarda milli maraqlarımıza uyğun olmayan çoxsaylı informasiyalar dolaşır və faktiki olaraq mətbuat funksiyasını yerinə yetirərək insanların düşüncəsini, şüurunu, baş verənlərə münasibətini dəyişir.
Lakin Azərbaycan mətbuatı bu gün inkişaf edir, öz funksiyasını yerinə yetirir və xalqımız qarşısında məsuliyyətini dərk edir. Bu da olduqca sevindiricidir. Mən milli mətbuatımızın 151 illiyi münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edirəm.”
Nurlan Cəfəri













