Regionlarda gənclərin və qadınların məşğulluq PROBLEMLƏRİ: Təhsil və peşə hazırlığında strateji boşluqlar və HƏLL YOLLARI

media-hightechnic-468x90

Azərbaycanın regionlarında gənclərin və qadınların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədilə dövlət tərəfindən mühüm addımlar atılır. Son illərdə bu istiqamətdə peşə-ixtisas təhsili infrastrukturunun yenilənməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili və yerli layihələr vasitəsilə məşğulluğun dəstəklənməsi diqqət mərkəzində saxlanılır. Eyni zamanda müxtəlif regionlarda fəaliyyət göstərən Peşə Təhsili Mərkəzləri, KOB inkişaf mərkəzləri və Qadın Resurs Mərkəzləri yerli əhali, xüsusilə də gənclər və qadınlar üçün yeni bilik və bacarıqların qazanılmasına, eləcə də öz bizneslərini qurmaq imkanına şərait yaradır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, müasir iqtisadi inkişaf strategiyalarında insan kapitalının rolu artır və xüsusilə gənclərin və qadınların məşğulluq potensialının tam istifadəsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

media-whatsapp-image-2025-06-20-at-15-32-13

 

Deputat qeyd edib ki, regional inkişafın davamlılığı, yerli iqtisadiyyatın rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi birbaşa əmək bazarına fəal iştirakla bağlıdır:

“Bu baxımdan, gənclərin və qadınların məşğulluğunun artırılması təkcə sosial ədalətin təminatı deyil, həm də iqtisadi səmərəliliyin və innovativ inkişafın açarıdır”.

N. Həmzəyev vurğulayıb ki, regionlarda məşğulluq sahəsində bir sıra struktur problemlər mövcuddur:

“Gənclərin paytaxt və böyük şəhərlərdən regionlara köçü, əmək qüvvəsinin yaş strukturundakı balanssızlıq, qadınların əmək bazarına məhdud çıxışı regional iqtisadi inkişafı ləngidir. Eyni zamanda, təhsil sisteminin əmək bazarının tələblərinə tam cavab verməməsi, rəqəmsal bacarıqların yetərsizliyi və iş yerlərinin azlığı məşğulluq imkanlarını məhdudlaşdırır”.

Deputat əlavə edib ki, regional peşə təhsili müəssisələrinin texnoloji bazasının yenilənməsi, müasir peşə standartlarına uyğun tədris proqramlarının hazırlanması prioritetdir:

“Bununla yanaşı, İT mərkəzlərinin yaradılması, rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi də əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafını təmin edir. Gənclər və qadınlar üçün sahibkarlıq fəaliyyətinə başlanması üçün əlverişli maliyyə şəraitinin yaradılması da vacibdir. Bu məqsədlə güzəştli kreditlər, qrantlar, mikrokreditləşmə və risk kapitalı mexanizmləri hazırlanır. Regional səviyyədə biznes inkubatorları, kovorkinq mərkəzləri, mentorluq proqramları və şəbəkələşmə imkanları genişləndirilir”.

Deputat həmçinin müasir texnoloji infrastrukturun – sürətli internet, 5G texnologiyası, kibertəhlükəsizlik və e-dövlət xidmətlərinin inkişafının iqtisadiyyatın rəqabət qabiliyyətini artıracağını bildirib:

“Yol infrastrukturu, ictimai nəqliyyatın müasirləşdirilməsi, kənd yollarının yenidən qurulması kimi layihələr də regional əlaqələri gücləndirir, iqtisadi fəallığı artırır”.

N. Həmzəyev əlavə edib ki, qadınların əmək bazarına fəal qatılımı üçün uşaq baxçalarının sayının artırılması, çevik iş qrafiklərinin tətbiqi, uzaqdan iş imkanlarının genişləndirilməsi və analıq məzuniyyətinin təkmilləşdirilməsi vacibdir:

“Qadınların bərabər imkanlardan istifadəsi üçün əmək hüququnun müdafiəsi, təhsil və karyera sahəsində bərabər çıxış, liderlik və sahibkarlıq proqramları həyata keçirilir. Gənclərin regionlarda qalması üçün isə rəqabətqabiliyyətli əməkhaqqı, müasir iş yerləri, karyera inkişafı imkanları və innovativ platformaların yaradılması təmin edilir”.

Deputat sonda qeyd edib ki, regional mərkəzlərin yaşayış üçün cəlbediciliyinin artırılması üçün mənzil təminatı, sosial proqramlar, idman və mədəniyyət imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır:

“Məşğulluğun artması həm regional, həm də milli ÜDM-ə birbaşa təsir edir, əmək məhsuldarlığını yüksəldir, investisiya cəlbediciliyini artırır, vergi bazasını genişləndirir və iqtisadi aktivliyi stimullaşdırır”.

“Bu səbəbdən, gənclərin və qadınların məşğulluğunun artırılması həm sosial ədalət, həm də iqtisadi inkişaf üçün vacibdir. Dövlət, özəl sektor, təhsil müəssisələri və vətəndaş cəmiyyəti arasında koordinasiyalı əməkdaşlıqla bu sahədə uğurlar əldə etmək mümkündür”, – deyə N. Həmzəyev bildirib.

 

Təhsil eksperti Elmin Nuri isə söyləyib ki, gənclərin və qadınların iqtisadi fəaliyyətə cəlb olunmasında təhsil və peşə hazırlığının rolu böyükdür:

media-elminnuri1

“Regionlarda bu sahədə müəyyən boşluqlar mövcuddur və onları aradan qaldırmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməlidir”.

Ekspert qeyd edib ki, əmək bazarında gənclərin və xanımların rolunun artırılması üçün ilk növbədə regionlarda peşə təhsili müəssisələrinin sayının artırılması zəruridir:

“Bundan əlavə, paytaxtdakı xüsusi profilli peşə tədris mərkəzlərinin regional filiallarının yaradılması vacibdir”.

Dövlət Peşə Təhsili Agentliyi və Dövlət Məşğulluq Xidmətlərinin tabeliyində fəaliyyət göstərən peşə hazırlıq kurslarının işini yüksək qiymətləndirən Elmin Nuri bu qurumların regionlarda gender balansını qoruyaraq peşə sahəsində kadr və iş yerlərinin yaradılmasına mühüm töhfə verdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, regionlarda təhsil və peşə hazırlığı baxımından gender balansı ümumilikdə yüksək səviyyədədir, lakin müxtəlif ərazilərdə fərqliliklər mövcuddur.

Ekspertin fikrincə, ən böyük boşluq xanımlar üçün nəzərdə tutulmuş, incə peşələrin tədris olunduğu xüsusi peşə tədris mərkəzlərinin olmamasıdır:

“Bu mərkəzlərdə gözəllik, estetika, sənət, aşpazlıq, dərzilik kimi sahələr xanımlara daha yaradıcı və incə tərzdə öyrədilməlidir. Bundan başqa, regionlarda tibb kolleclərinin sayının artırılması və yüksək standartlı ixtisaslaşmış peşə tədris müəssisələrinin yaradılması da vacibdir. Tibbin akademik sahələrinin universitetlərdə tədris olunmasına baxmayaraq, peşə təhsil müəssisələrində öyrədilə biləcək texniki əsaslı ixtisaslar mövcuddur. Xanımların bu sahələrdə əlavə təhsil alması onların əmək bazarında rəqabət qabiliyyətini artıracaq və işsizlik riskini azaldacaq”.

“Beləliklə, regionlarda peşə təhsilinin genişləndirilməsi, gender balansının qorunması, incə və yaradıcı peşələrin inkişaf etdirilməsi, eləcə də tibb sahəsində ixtisaslaşmanın artırılması gənclərin və qadınların iqtisadi fəaliyyətə daha fəal cəlb olunması üçün əsas amillərdir. Bu tədbirlər həm regionların sosial-iqtisadi inkişafına, həm də gender bərabərliyinin təmin olunmasına əhəmiyyətli təsir göstərəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Məsimə Məmmədova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

media-medialogo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600