Günü-gündən uçuruma gedən TƏHSİL SİSTEMİ: "Bu, açıq-aydın sabotajdır" - VİDEO
“Təhsil sistemində yaranan problemlər artıq idarəetmədə səriştəsizlik yox, açıq sabotaj təsiri bağışlayır”.
Bunu təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.
O, Elm və Təhsil Nazirliyində son illər aparılan kadr təyinatlarının sahəyə uyğun gəlmədiyini və bunun təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini deyib.
Ekspert iddia edib ki, 2025-ci ildən etibarən Elm və Təhsil Nazirliyində aparılan kadr təyinatları sahəyə tamamilə yad, təhsil haqqında anlayışı olmayan şəxslərdən ibarətdir.
Elşən Qafarov, həmçinin məktəblərdə tədris jurnallarının vaxtında çatdırılmaması problemini də diqqətə çatdırıb:
“Jurnalların ən yaxşı halda noyabr ayında məktəblərə gəlməsi nəticəsində “müvəqqəti jurnallar” kimi qeyri-rəsmi mexanizmlər yaranır və müəllimlər bunları almağa məcbur qalırlar. Jurnallar gecikdiyi üçün müəllimlərdən iki ayın qeydiyyatını bir neçə gün ərzində yazmaq tələb olunur ki, bu da xətalara səbəb olur. Nəticədə məsuliyyət yenidən müəllimlərin üzərinə düşür. Əgər jurnallar ənənəvi qaydada, çap olunmuş olacaqdısa, niyə sentyabrın 15-ə qədər çatdırılmır? Bu, səriştəsiz idarəetmə adlandırılsa da, ondan da betər məsələdir”.
Ekspert həmçinin sinif sayı ilə bağlı açıqlamalardakı ziddiyyətə toxunub:
“İki il əvvəl Elm və Təhsil naziri ölkə üzrə 89 min 600 sinif olduğunu desə də, son çıxışında bu rəqəmin 77 min 500 olduğunu qeyd edib. İki il ərzində 22 min sinif bağlanıb və yeni sinif açılmayıb. İki sinifin şagirdlərini bir sinifə yerləşdirmək bilərəkdən ölkə təhsilinin məhvi deməkdir. Bu məsələ təkcə ölkə təhsilinə qarşı deyil, həm də dövlətimizə qarşı açıq sabotajdır”.
Ətraflı videoda:
Samir Məcid












