TDT Media Forumu: "Bu, türk dövlətlərinin beynəlxalq media məkanında güclü təmsil olunmasına yol açır"
“Qlobal informasiya təhlükələrinin artdığı bir şəraitdə belə platformaların yaradılması yalnız media sahəsinin inkişafına töhfə vermir, həm də ümumi regional sabitliyi möhkəmləndirir”.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda keçirilən Media Forumunun əhəmiyyətindən danışan media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.
M.Ələsgərli bildirib ki, bu tədbir təşkilata üzv ölkələrin informasiya və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməyə yönəlmiş vacib platforma kimi çıxış edir:
“İnformasiya axınının qlobal miqyasda sürətlə artdığı və sərhədlərdən kənara çıxan dezinformasiya təhlükələrinin genişləndiyi bir dövrdə bu tip tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir. Forumda “Qlobal informasiya təhdidlərinin müasir dövrdə artması fonunda preventiv və dayanıqlı addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində”, eləcə də “Rəqəmsal media mühitində TDT-yə üzv ölkələrin qarşılıqlı əməkdaşlıq imkanları” mövzularının müzakirəsi regionda media siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradır.
İlk növbədə, forum türkdilli dövlətlərin informasiya təhlükəsizliyinin kollektiv yanaşma əsasında təmin edilməsinə xidmət edir. Media və kommunikasiya sahəsində inteqrasiyanın gücləndirilməsi həm xalqlarımız və dövlətlərimiz arasında mədəni yaxınlaşmanı artırır, həm də dezinformasiya risklərinin aradan qaldırılmasına dəstək olur. Bu formatda keçirilən görüşlər nəticəsində media qurumları arasında birbaşa əlaqələr qurulur, məlumat mübadiləsi genişlənir və birgə layihələrin həyata keçirilməsi üçün imkan yaranır.
Media subyektləri arasında əməkdaşlığın institusional və sistemli şəkildə formalaşdırılması, xarici təsirlərə qarşı daha davamlı mövqe tutmağa şərait yaradır. TDT çərçivəsində əlaqələndirilmiş informasiya siyasətinin həyata keçirilməsi, türk dövlətlərinin beynəlxalq media məkanında daha güclü təmsil olunmasına yol açır. Qlobal informasiya təhlükələrinin artdığı bir şəraitdə belə platformaların yaradılması yalnız media sahəsinin inkişafına töhfə vermir, həm də ümumi regional sabitliyi möhkəmləndirir. Bundan əlavə, türk coğrafiyasına aid xəbər, analitika, sənədli filmlər, rəqəmsal layihələr və sosial media kontentinin birgə hazırlanması daha geniş auditoriyaya çıxış imkanı yaradır”.
Nəsimi Ələsgərli












