!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəhmətlik Əbülfəz Elçibəy də Əbdürrəhman Vəzirovun xətrini çox istəyirdi” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Haqqında danışdığım dostumuz hava limanına yaxın bir məkanda bizi görüşdürdü”.

Milli Qeyrət Partiyasının (MQP) sədri, Əbdürrəhman Vəzirovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Şakir Abbasov Yenicag.az-a müsahibəsində 1988-90-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Vəzirovla bağlı maraqlı və bu gün üçün ilginc görünən detalları açıqlayıb.

– Xalq hərəkatında fəal iştirak etmisiniz və Cəbhə hakimiyyəti dönəmində Füzuli rayonunun icra başçısı işləmisiniz. Necə oldu ki, Əbdürrəhman Vəzirovun timsalında sabiq kommunist rəhbərin hüquqlarını qorumaq qərarına gəldiniz?

– Əvvəla, Əbdürrəhman Vəzirovun ailəsinə, doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin. Mənim Vəzirovun hüquqlarını müdafiə etməyimin müəyyən tarixçəsi var. 2000-ci illərdə dəyərli ziyalılarımız – Qeyrət Partiyasının sədri olmuş mərhum Əşrəf Mehdiyev, professor Xalid Əlimirzəyev, Rövşən Cavadovun atası rəhmətlik Bəxtiyar Cavadovla tez-tez görüşür, söhbətləşirdik. Belə görüşlərdən birində Əbdürrəhman Vəzirov da xatırlandı və ümumi fikrimiz belə oldu ki, ona qarşı ədalətsizliyə yol verilir. Çünki Vəzirov işlədiyi müddətdə adı hər hansı rüşvət və korrupsiyada hallanmadı, xalqın bir çöpünə də göz dikmədi. Rəhmətlik özü mənə danışmışdı ki, Bakıdan gedəndən sonra onun evində axtarış apararkən, soyuducuda ağzı açıq qatılaşdırılmış süd və bir parça kolbasadan başqa heç nə tapmamışdılar. Ancaq buna baxmayaraq, onun barəsində mənfi rəy formalaşdırıldı, gözdən salınmasına cəhd göstərildi. Biz də məhz ədalət meyarını əsas görtürüb, Vəzirovun hüquqlarını müdafiə etməyə qərar verdik.

– Vəzirovun hüquqlarını Müdafiə Komitəsinin sədrliyi birbaşa Sizə təklif edildi?

– Danışıb razılaşdıq ki, bu işi sistemli şəkildə həyata keçirməliyik və bunun üçün Müdafiə Komitəsi yaradılmalıdır. Komitə yarananda həmin ağsaqqallar mənə dedilər ki, sənin sədr olmağın daha məqbuldur. Əvvəl razılaşmadım, dedim ki, bu, ağır işdir, qoy sizlərdən biri sədr olsun. Ancaq mənə dəstək verəcəklərini bildirdilər və mən razılaşdım. O vaxt Komitə yarananda bir neçə qəzetdə bu barədə məlumat verildi, müsahibələrim dərc olundu. Jurnalistlər onda da bu sualı verirdilər ki, nədən Vəzirovun hüquqlarını qoruyursan? Sizə açıqladığım səbəbi o jurnalistlərə də deyirdim.

– Vəzirovla neçə dəfə görüşmək imkanınız oldu? Nədən danışırdınız?

– Onun buradakı bacısı ilə tez-tez görüşürdük. Hətta bacısı öz oğluna atalarının adını qoymuşdu – Xəlil. Onunla da əlaqə saxlayırdıq. Neçə il əvvəl tanışlardan biri Moskvaya gedəndə, Vəzirovla görüşmüşdü. O da öz telefon nömrələrini verərək, mənə çatdırmasını xahiş etmişdi. Yəni fəaliyyətimiz barəsində məlumatı vardı və onun müdafiəsi üçün gördüyümüz işləri qiymətləndirirdi. Dostumuza mənim haqqımda demişdi ki, belə bir çətin vəziyyətdə məni müdafiə edirsə, deməli, vicdanlı və ədalətli insandır. Onunla yaxın dostumuzun vasitəsilə bir dəfə iki il əvvəl görüşdük, geniş söhbətlərimiz oldu, Azərbaycandakı vəziyyəti yaxından izləyirdi. Burada baş verən proseslərə öz yanaşması vardı. Mən indi söhbətlərimiz barəsində detallı danışmaq istəmirəm. Ancaq həmişə bu sualı verirdi ki, axı mən neyləmişəm?

Onun barəsində sizə də maraqlı olacaq bir detalı deyim. Dostumuz danışırdı ki, Vəzirov Moskvanın keçmiş meri Yuri Lujkovla çox yaxın idi və birlikdə tez-tez xaş məclislərində görüşərmişlər. Yəni rəhmətlik həm də xaş həvəskarı idi.

Yeri gəlmişkən, Cəbhə hakimiyyəti dövründə anası Tükəz xanım rəhmətə getmişdi, yasa gəlmişdi. Rəhmətlik Əbülfəz Elçibəy də Vəzirovun xətrini çox istəyirdi. Anasının yas yerinə də Elçibəylə birlikdə getmişdik.

– İki il əvvəl onunla görüşəndə, Vəzirovun artıq doxsan yaşı vardı. Səhhəti, nitqi, yaddaşı yerində idi?

– Siz nə danışırsınız… Tamamilə sağlam idi. Hətta onunla sonuncu dəfə təqribən bir il əvvəl telefonla danışmışdıq. Yenə də əhval-ruhiyyəsi yüksək idi, gümrah səslə danışırdı. Dedi, bəzi işlərim var, Moskvada olmayacağam, qayıtdıqdan sonra imkan olsa, yenə görüşərik. Ancaq təəssüf ki, mən növbəti dəfə onunla görüşə gedə bilmədim.

– Onunla harada görüşdünüz? Vəzirovun mənzilində, yoxsa başqa yerdə?

– Bizi haqqında danışdığım dostumuz hava limanına yaxın bir məkanda görüşdürdü. Bildiyim qədər, həmin məkanı da Vəzirovun özü seçmişdi.

– Azərbaycandakı vəziyyətlə müntəzəm maraqlandığını dediniz. Bu barədə nə danışırdı?

– Təbii ki, buradakı vəziyyət haqqında onun öz fikirləri vardı. Bir çox məsələləri açıqlamağı artıq doğru saymıram. Amma öz mövqeyini çəkinmədən, açıq şəkildə bildirirdi. Onunla sonuncu telefon danışığımızda dediyim bir fikir onu çox məmnun etmişdi. Dedim, xalq indi də deyir ki, Əbdürrəhman Vəzirov buradan gedəndə Azərbaycan xalqının bir turş alçasını da aparmadı. Bu misala məmnunluqla gülürdü. Vəzirovun xanımı təqribən beş il əvvəl rəhmətə getdi. Bir oğlu var, Eldar, o da gərək ki, hansısa nazirlikdə işləyir.

– Mərhum son illərdə tək yaşayırdı?

– Bəli, tək yaşayırdı. Amma əlbəttə ki, oğlu ona daim baş çəkirdi. Bütün hallarda ona yaxşı baxırdılar. Rəhmətlik çox sərbəst, çox sadə adam idi, saçını da uzatmışdı. Azərbaycana çox bağlı insan idi. Allah rəhmət eləsin.

A.Zeynalov

www.yenicag.az

1185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv