Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rektor-deputatdan Prezidentin oğluna şok şikayət – Əlil gənc yazır

1377001545_etatistGəncə şəhərində yaşayan II qrup əlil Fariz Qocayev Hafiz oğlu Azərbaycan Prezidentinin oğlu Heydər İlham oğlu Əliyevə müraciət imzalayıb. Müraciətdən aydın olur ki, bu əlil gəncin Heydər İlham oğluna sayca üçüncü müraciətidir. Yerli dövlət qurumları və millət vəkili Əhməd Vəliyevin sahibi olduğu “Muğan Bank”a qarşı ağır ittihamlar yer almaqdadır.   Yenicag.az Azerinfo.org saytına istinadən müraciəti dərc edir:

 

Heydər İlham oğlu Əliyevə

(Azərbaycan Prezidentinin oğlu)

Surəti: Azərbaycan Respublikası

Milli Məclisinin üzvü Əhməd Vəliyevə

Surəti: Gəncə şəhər İcra Hakimiyyətinin başçısı

cənab Elmar Vəliyevə

Surəti: “Muğan Bank” ASC

Müşahidə Şurasının sədri Elmir Mehdiyevə

 

Gəncə şəhəri, Sadlı qəsəbəsində

 kirayə yaşayan

19 yaşlı danışıq və eşitmə qüsurlu əlil

Qocayev Fariz Hafiz oğlu

tərəfindən

 

MÜRACİƏT

Hörmətli Heydər İlham oğlu!

Mən ötən il Sizə müraciət edərək, özümün və ailəmin üzləşdiyi problemlərlə bağlı məlumat vermişdim. Qeyd etmişdim ki,  atam Hafiz Məmmədəli oğlu Qocayev “Muğan Bank” ASC-dən kredit götürmüş və bank anlaşmazlığı ilə müfləşdirilmişdir. Bu səbəbdən də mənim xəstəliyimin müalicəsi yarımçıq qalmış, ailəlikcə bütün varidatımızı itirmişik. Həmin müraciətdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi valideynimi qəbul edərək, problemin həllinə yardım edəcəyini bildirdi.

Çox təəssüf ki, bank və şəhər rəhbərliyi bu barədə valideynimə söz versələr də, bu günə qədər yubandırılmışdır. Bu səbəbdən də, ailəmiz bu gün də borc içindədir və kirayədə qaldığımız evdən çıxarılmaq təhlükəsi ilə üz-üzəyik!

“Muğan Bank”ın Gəncə şəhərindəki əməkdaşları növbəti dəfə bizi aldatmış və bizdən mənimsənilən və icarə müqaviləsi ilə atama işlətməyə verilən mağazanı boşaltmağımızı tələb edirlər. Atam bankın sahibi, millət vəkili Əhməd Vəliyevlə 19 dekabr 2014-cü ildə bir daha görüşüb. O, atama yardım edəcəyini bildirsə də, heç bir köməklik göstərməyib. Daha sonra atam Əhməd Vəliyevin kürəkəni, Muğan Bankın Müşahidə Şurasının sədri Elmir Mehdiyev ilə dəfələrlə görüşməyə cəhd etsə də, bu görüş baş tutmayıb.

Qeyd edim ki, atamın banka 125 min ABŞ dolları kredit borcu var idi. Atam bu borca qarşılıq olaraq, 25 min ABŞ dolları nəğd ödəmə edib, 21 min ABŞ dolları məbləğinə torpağımızı sataraq, borcumuzdan çıxıblar. Bank isə atama 125 min ABŞ dolları kredit verərkən, 25 min dolları “komissiya xərcləri” adı altında mənimsəyib. Girovda olan mağazamızı isə 200 min ABŞ dolları olaraq qiymətləndirib və 100 min ABŞ dolları verəcəyimiz təqdirdə, mağazamızı atama qaytaracaqlarına söz verirlər. Halbuki atamin banka  54 min ABŞ dolları borcu qalıb. Buna baxmayaraq, bank atamın ödədiyi pulları hesaba qatmayaraq, 100 min ABŞ dolları tələb edir.

Hörmətli Heydər İlham oğlu!

Mənim Sizə məlum müraciətimdən sonra bəzi məsul insanlar yalan vədlərlə məsələmizin həll olunacağına dair valideynimi inandıraraq, ailəmiz və mənim adımdan təşəkkür məktubu hazırlayıb, atama imza atdırmışlar. Hansı ki, şəhər rəhbərliyinin kiçicik yardımından başqa bizə heç bir köməklik göstərilməmişdir. Əksinə ailəmə təzyiq və təsirlər olmuş, atamın borcumuzu ödəməsi üçün xaricə gedib işləməsinə belə qadağa qoyulmuşdur!

Bu gün atam bankın mülkiyyətində olan mağazanı işlətsə də, hamıya, bank rəhbərliyinə də bəllidir ki, o mağaza nəinki onların borclarını verəcək gücdə deyil, heç bizim aylıq kirayə borcumuzu belə ödəyə bilmir. Atam uzun illərin  iş təcrübəsi olan bir insandır, buna baxmayaraq, Azərbaycanda və Gəncə şəhərində iş tapa bilmir.

 Mənim müalicəm və ailəmizin dolanışığı xatirinə, çörək pulu tapmaq üçün atamın fiziki şəxslərdən aldığı borclar altında ailəmiz əzilməkdədir. Bu gün mən xəstəliyimdən əzab və məşəqqət çəkdiyim bir zamanda, atamın ailəsini dolandıra bilməməsindən boynubükük qaldığını, 9 yaşlı kiçik qardaşım Məhəmmədin insanlardan yaxşı sözlər eşitməli olduğu bir dövrdə hər gün qapımızı döyüb ailəmi təhdid edərək, borcunu istəyənləri dinləmək məcburiyyətində qalmışıq.

Nə mənim, nə ailəmin dövlət qurumlarına yardım müraciətlərimizə baxılmır. Bank isə növbəti dəfə bizi küçəyə atmaqla hədələyir.

Hörmətli Heydər İlham oğlu!

Mən əminəm ki, bu müqəddəs Ramazan ayında, Allahın bərəkət və mərhəmət ayında ailə ənənələrinizə sadiq qalaraq, mənim Sizə ünvanladığım bu müraciət öz həllini tapacaqdır. Siz gənc olsanız da, bu adı çəkilən məsul insanlara, ehtiyacı olan insanlara, kasıblara yardım etmək tövsiyyəsini verəcəksiniz.  Mən xəstəliyi dilsiz-ağızsız səğir həddində olan bir gənc kimi Sizə, Ailənizə, Atanıza, Ananıza, Bacılarınıza və xalqımıza qəlbimdə dua edirəm. 

Allah Sizə yar olsun!

 Dərin hörmət və ehtiramla,

Qocayev Fariz Hafiz oğlu

+99450 232 09 02

Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq. 

www.yenicag.az

1215