İraqda keçirilən son parlament seçkilərində deputatlığa namizəd olan Ammar Kaya Yenicag.az saytına açıqlama verib.
Türkman politoloq açıqlamasında Kərkükdə baş verən son prosesləri şərh edib.
O, ilk olaraq İraqdakı son vəziyyəti dəyərləndirib:
“16 oktyabr 2017-ci ildə İraq ordusu Kərkükdə hakimiyyəti ələ aldı. Kərkükün valisi bölgəni tərk edərək Ərbilə getdi. Bu hadisədən əvvəl Nəcməddin Kərimin səlahiyyəti əlindən alınmışdı. Lakin o öz postunu tərk etmirdi. 16 oktyabrda isə hakimiyyət qüvvələri Kərkükə və İraqın şimalına daxil olaraq dövlətin qanunlarını yerinə yetirdilər. Qeyd edim ki, İraq ABŞ tərəfindən işğal edildikdən sonra Kərkükün idarəsi kürdlərə tapşırılmışdı. Amma bu tarixdən etibarən Pəşmərgə hakimiyyətdən geri çəkildi. Ərəblər və türkmanlar bir həftə bu hadisəni toy-bayram etdilər”.
Ammar bildirib ki, 14 illik sıxıntılı dövrdən sonra 6 ay müddətində insanlar rahat nəfəs alıblar:
“12 maya parlament seçkiləri təşkil olundu. Seçkilərə hazırlıq üçün İraq Türkman Cəbhəsinin 123 nömrəli siyahısı hazırlandı. 12 maydakı seçkilərə hamı böyük əhəmiyyət verirdi. Çünki bu, illər sonra keçiriləcək ilk demokratik seçki olmalı idi. Türkmanların 75-80%-i, ərəblərin isə 60-70%-i seçkilərdə iştirak etdi, kürdlərin iştirak səviyyəsi isə olduqca aşağı idi. Seçkilərin bitməsinə bir saat qalmış artıq türkmanlar və ərəblər bayraqları alaraq küçələrə töküldü, qələbə qazanacaqlarını düşünüb sevindilər. Lakin sandıqlar açılanda nəticə gözlənilən olmadı. Türkmanların üstünlük təşkil etdiyi ərazilərdə belə nəticələr kürdlərin xeyrinə idi. Təbii ki, biz də, millət də bu hadisə qarşısında təəccübləndik. Minlərlə insan seçki komitəsinin qarşısına toplandı”.
Politoloq seçkidə baş verənləri qanunsuzluq adlandırıb:
“Minlərlə türkman səslərin yenidən sayılmasını tələb etdi. Bu hadisə rəsmi Bağdadı ayağa qaldırdı. 50% millət vəkilinin iştirakı ilə toplanan Milli Məclis səslərin yenidən sayılmasına qərar verdi. Təəssüf ki, kürd partiyaları buna imkan verməyərək, səslərin cəmi 20-30%-nin yenidən sayılmasına səbəb oldular. Bu, kürdlərin həyata keçirdiyi böyük bir qanunsuzluq idi. Nəticələrə görə, 180 min insan kürdlərin, 80 min türkmanların, 85 min isə ərəblərin xeyrinə səs vermişdi. Hakimlər ikinci dəfə səsləri sayanda məlum oldu ki, elektronik sistemdə hiyləyə əl atılıb və türkmanların bütün səsləri kürdlərə sayılıb. Lakin bu 20-30%-lik nəticənin dəyişdirilməsi ümumi nəticəyə təsir etmədi. Biz də son bir həftədir yeni proqrama başlamışıq. Bir hesabat hazırlayaraq, xarici ölkələrə göndəririk. Beləliklə bütün dünya Kərkükdəki qanunsuzluqdan xəbər tutacaq. Kürdlər Kərkükdə yenidən hakim olmaq istəyir. Bu ana qədər rəsmi Bağdad bizim köməyimizə çatmayıb. Ancaq biz keçmişə qayıtmamağa qərarlıyıq”.
Emin Səfərov
www.yenicag.az