Vaşinqtonun "xaos doktrinası": ABŞ İraqda separatizmi niyə himayə edir? – ANALİZ
ABŞ İraqdakı qoşunlarının böyük hissəsini geri çəksə də, İraq Kürdüstanının Ərbil əyalətində yerləşən “Əl-Hərir” aviabazasındakı hərbi mövcudluğunu qoruyub saxlamaq qərarına gəlib.
Vaşinqtonun bu addımı bölgəyə hansı mesajı verir və İraq üçün hansı nəticələri doğuracaq?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Azad Məsiyev ABŞ-ın Yaxın Şərq siyasətini kəskin tənqid edib:

Politoloq bildirib ki, ABŞ-ın İraqa müdaxiləsi beynəlxalq ictimaiyyəti aldatmaqla başlayıb:
“ABŞ rəhbərliyi Səddam Hüseyni devirmək üçün İraqda kütləvi qırğın silahlarının olduğunu bəyan edərək ölkəyə daxil oldu. Bu müdaxilə nəticəsində 500 minə yaxın insan həlak oldu, Səddam Hüseyn devrildi və İraqın sərvətləri talan edildi. İraqa demokratiya vəd edən Amerika nəticədə nə stabil, nə də demokratik bir dövlət qura bildi. Əksinə, ölkədə xaos hələ də davam edir. Əsas məqsəd İraqın təbii sərvətlərinə əl qoymaq idi və bu proses bu gün də davam edir”.
Azad Məsiyevin sözlərinə görə, ABŞ “Əl-Hərir” bazasını saxlamaqla İraqı öz nəzarətindən buraxmaq istəmədiyini nümayiş etdirir:
“Amerika Kürdüstan bölgəsində kürdləri himayə etməklə regionu öz təsir dairəsində saxlamağa çalışır. Bu gün beynəlxalq münasibətlər hüquq normaları ilə deyil, güc qanunu ilə tənzimlənir. ABŞ bu bölgədə hərbi baza saxlamaqla etnik qarşıdurmanı stimullaşdırır və beləliklə İraqı idarə edir. İraqın təbii sərvətlərinin böyük hissəsi məhz bu ərazilərdədir. Digər tərəfdən, ABŞ-ın kürd separatçılarını və PKK-nın bu bölgədəki qanadlarını himayə etməsi İraqdakı stabilliyi birbaşa pozur”.
Politoloq vurğulayıb ki, Vaşinqtonun yalnız bir bölgədə fəaliyyət göstərmək qərarı beynəlxalq hüquqa tamamilə ziddir:
“Təəssüf ki, ABŞ-ın xarici siyasətinin ana xəttini ‘idarəolunan xaos’ nəzəriyyəsi təşkil edir. Əvvəlcə xaos yaradır, sonra isə həmin xaosu idarə etməklə öz maraqlarını təmin edirlər. İraq xalqının suverenliyi Səddam Hüseyn dövründən bəri əlindən alınıb və bu gün də Amerikanın iradəsindən asılı vəziyyətdədir. İraq nümunəsi dünya siyasətində böyük dövlətlərin kiçik dövlətləri necə metodlarla istismar etdiyinin bariz nümunəsidir”.
Nurlan Cəfəri












